Erkin Qədirli: "Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”
“Başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir – birincisi oradakı iqtidarın bizə münasibəti, ikincisi oradakı müxalifətin bizə münasibəti”.
AYNA-nın xəbərinə görə, bu sözləri Belarusda avqustun 9-da keçirilən prezident seçkilərini dəyərləndirən Respublikaçı Alternativ Partiyasının (ReAL) funksioneri, deputat Erkin Qədirli deyib. Millət vəkili qeyd edib ki, oradakı iqtidarın Azərbaycana münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur: “Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır”.
“Belarusa gəlincə, Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Putinlə dirəşir. Ermənistana təpinir, bizə ağır silah satır. Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirkmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”, - deyə Qədirli vurğulayıb.