Müttəfiqdən "qeyri-dost" addım: Moskva İrəvanı siyahıdan silir

Dünya

09.10.2023 - 21:57

Mixail Qaluzin: “Belə bir addımı necə qəbul etməliyik? Yumşaq desək, bu, sadəcə qeyri-dost addımıdır”

“Roma Əsasnaməsinin ratifikasiyası Ermənistanın tamamilə qeyri-dost addımıdır. Hər kəsə aydındır ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sözün həqiqi mənasında ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, Qərbin bəyənmədiyi fiqurların cinayət məsuliyyətinə cəlb edilməsi əmrlərini yerinə yetirən siyasiləşmiş qərbyönlü strukturdur”. Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində deyib.

Qaluzin xatırladıb ki, BCM bir müddət əvvəl Rusiyanın yüksək rütbəli rəhbərliyinin nümayəndələrinin həbsinə order verib: “Təbii ki, bu qərarlar qanuni cəhətdən tamamilə etibarsızdır. BCM-nin Rusiyaya və onun rəhbərliyinə qarşı tamamilə siyasiləşdirilmiş düşmən mövqeyi fonunda müttəfiqimiz Ermənistan bu məhkəmənin nizamnaməsini ratifikasiya etmək qərarına gəldi. Belə bir addımı necə qəbul etməliyik? Yumşaq desək, bu, sadəcə qeyri-dost addımıdır”.

Onun sözlərinə görə, Moskva Ermənistanın belə bir addımdan çəkinəcəyinə ümid edirdi: “Həmin BCM-nin qaydaları imkan verir ki, Roma Nizamnaməsini imzalamayan ölkələr Roma Əsasnaməsini ratifikasiya etmədən belə bu məhkəmənin xidmətlərinə müraciət edə bilər. Yəni ki, bu, tamamilə mümkündür. Lakin təəssüf ki, Ermənistan bunu ratifikasiya etdi”.

Erməni tərəfinin Roma Nizamnaməsi məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamaq təklifini şərh edən Qaluzin qeyd edib ki, bu paradiqmada Ermənistanın belə bir təklifini ciddiyə almaq üçün heç bir imkan görmür.

“Və bu kontekstdə qeyd olunan qərarların mövcudluğu fonunda müttəfiqimiz Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım kimi qiymətləndiririk. Mən burada dialoq üçün heç bir əsas görmürəm”, - Qaluzin vurğulayıb.

XİN rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı tərəflər arasında məsləhətləşmələr olub, Rusiya müəyyən təkliflər verib: “Amma görünür, ya İrəvan hələ də onlar haqqında düşünür, ya da onları qəbul etməmək qərarına gəlib”.

Qaluzin dediyi təkliflərin nədən ibarət olduğunu dəqiq açıqlamayıb və bildirib ki, “diplomatiyada elə şeylər var ki, onları dərhal üzə çıxarmaq olmaz”.

Qeyd edək ki, 2022-ci ilin sonunda Ermənistan Nazirlər Kabineti BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başladı və bunu İrəvanın yeni statusunda məhkəmə qarşısında məsələ qaldıra biləcəyi ilə izah etdi. 24 mart 2023-cü ildə Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanunlarına uyğun olduğunu tanıdı. Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva son dərəcə mənfi reaksiya verdi.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə gətirib çıxaracaq, çünki “erməni tərəfdaşlara ilkin olaraq Ermənistanın BCM-nin Roma Statutunu ratifikasiya etməsinin bu strukturun Rusiyanın ali rəhbərliyi üçün həbs orderləri verdiyi şəraitdə qəbuledilməz olduğu barədə məlumat verilib”.

Öz növbəsində, Ermənistan rəsmiləri əmin ediblər ki, ratifikasiya Rusiya Federasiyasına qarşı yönəlməyib və İrəvan yaranmış vəziyyətlə bağlı Moskvaya bir sıra təkliflər göndərib.

Lakin Rusiya bunu qəbul etmir. Qaluzinin sözlərindən də belə anlaşılır ki, Ermənistanın gətirdiyi əsaslar yetərli deyil və Moskva bunu qəbul etmir.

Ekspertlər Rusiya rəsmilərinin açıqlamalarına əsaslanaraq bildirirlər ki, Roma Statusunun ratifikasiyası Moskva-İrəvan münasibətlərini bundan sonra daha da gərginləşdirəcək və problem dərinləşəcək. Faktiki olaraq, Rusiyanın ən yüksək rütbəli məmuru Ermənistanın bu addımını ”qeyri-dost” addım kimi qiymətləndirir. Bu isə Rusiyanın Ermənistanı dost siyahısından sildiyinə işarədir.

Müəllif: Turan Abdulla