Mülkigeyimlilərin əməliyyatı: polisdən deyil, virusdan gizlənin

Cəmiyyət

25.08.2021 - 18:11

Polis mülki geyimdə karantin qaydalarının tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilərmi?

 

Nazirlər Kabineti yanında Operativ Qəraragahın (OQ) sonuncu brifinqində vasksinasiya ilə bağlı əhaliyə ciddi çağırış edildi. Yeni qaydalara əsasən, sentyabr ayından etibarən əksər məkanlara giriş zamanı vaksin pasportu tələb ediləcək.

 

OQ-nin sonuncu qaydalarına görə, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən bildirilib ki, mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə profilaktik söhbətlər aparılır.

 

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.

 

Bəs, polislərin mülki geyimdə insanların qoyulan qaydalara əməl edib-etməməsini yoxlamaları nə qədər qanunidir? Vətəndaşlar mülki geyimdə olan insanın polis olub-olmadığını necə müəyyən etməlidir?

Ələsgər Məmmədli: “Dünyanın hər yerində çap mediasının dövrü keçib”

Hüquqşünas Ələsgər Əhmədoğlu AYNA-ya şərhində deyib ki, istər mülki, istərsə də xüsusi geyimdə olsun, polis əməliyyat fəaliyyətini həyata keçirə bilər: “Bununla bağlı qanunvericilikdə müəyyən göstərişlər nəzərdə tutulub. Bu baxımdan, pandemiya da fövqəladə vəziyyətə yaxın spesifik hal hesab olunduğundan, polis həm vətəndaşların COVID-19 pasportlarının yoxlanılması, həm də obyektlərdə pandemiya qaydalarına uyğun hərəkət edilib-edilməməsi ilə bağlı yoxlamalar apara bilər”.

 

“Vətəndaş mülki geyimdə olan şəxsin polis olub-olmadığını necə müəyyən etməlidir” sualına gəldikdə, mütəxəssis bildirib ki, əgər bu yoxlamalar sivil formada həyata keçirilirsə, polis akt tərtib edən zaman özünün polis olduğunu təsdiq edən sənədi təqdim etməlidir: “Çünki polis sivil formada prosesi görürsə və əgər hər hansı bir inzibati akt tərtib edəcəksə, o zaman həmin inzibati aktı hansı sifətlə təqdim etdiyini qarşı tərəf də bildirməlidir”.

 

“Əks halda kimlərsə sivil formada polis adından istifadə edib, insanları aldada bilərlər. Fırıldaqçılar “əgər pul verməsəniz, sizə bu qədər protokol yazacam” deyə insanları dolandıra bilərlər. Bu da ciddi şəkildə digər pozuntulara gətirib çıxara bilər. Bu baxımdan polis formada olsa belə, hadisədə pozuntunu müəyyən etdikdən sonra, əgər inzibati akt tərtib edəcəksə, o zaman polis kimliyini qarşı tərəfə göstərərək, onu əmin edərək prosesi həyata keçməlidir”, - deyə Məmmədli vurğulayıb.

 

Sözügedən reallıqla bağlı diqqətimizi bir məqam çəkib. Belə ki, mülki geyimdə olan polislər, bəzi hallarda maskadan istifadə etməyən qadınları görməzdən gələrək, daha çox kişiləri cərimələyirlər. Hüquqşünas bu məsələyə belə münasibət bildirib: “Belə davranış açıq şəkildə Konstitusiyanın 25-ci maddəsində müəyyən olunmuş bərabərhüquqluğun pozulması deməkdir. Polislər burada diskriminativ yanaşma səgiləyirlər. Qadınlar qaydaları pozsalar da, onlara fərqli davranırlar. Bu da hüququn bərabər tətbiq edilmədiyi həm Konstitusiyanın 25-ci maddəsinin pozulduğunu, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi baxımından cinsi ayrı-seçkiliyə məruz qalmanın baş verdiyini göstərir”.

 

“Bu hadisəyə bənzər hadisə ötən gün baş vermişdi. Saxta peyvəndlənmə pasportu satan qadınların üz görüntüsü bağlanmış, digər şəxslərinki isə açıq şəkildə təqdim edilmişdi. Halbuki hər kəsin təqsirsizlik prezumpsiyasi baxımından sifəti bağlanmalı idi, amma onlar yalnız qadınları bağlayıb, kişilərin üzünü açıq vermişdilər. Bu deyilənlər isə konkret olaraq diskriminativ şəkildə qanunun tətbiqidir ki, bu da hüquq pozuntusu deməkdir”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin