“Bir qrup pis niyyətli insanın vicdansız, qanunsuz əməli nəticəsində bu ümidlərimiz, gələcəyə dair olan planlarımız tamamilə dağıldı”
Bakıda “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin fırıldağının qurbanı olduqlarını deyən bir qrup sahibkarın problemindən yazmışdıq. Bildirmişdik ki, onlar 2009-cu ildə “Mars-M” şirkətinin Səməd Vurğun küçəsi 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzində sahibkarlıq fəaliyyəti aparmaq məqsədi ilə qeyri-yaşayış sahələri alıblar. Sonra isə, məlum olub ki, “Mars-M” şirkətinin “Xalq Bank”a borcu olduğu üçün, bank bunun qarşılığında sahibkarların obyektlərinə “əl qoyub” (həmin yazının tam mətni burada).
Bu dəfə həmin sahibkarlar Prezident İlham Əliyevə açıq məktub ünvanlayıblar. Şikayətçilərin AYNA-ya göndərdikləri məktubun mətnini təqdim edirik:
“Cənab Prezident!
Sizə hazırkı müraciətimiz bizə qarşı edilmiş qanunsuzluqla bağlıdır. Bu qanunsuzluq nəticəsində həm əmlakımızdan məhrum olmuşuq, həm də əmlakımıza xərclədiyimiz pullardan. Ümid edirik ki, bizə qarşı edilmiş qanunsuzluğun araşdırılmasını nəzarətə götürərək, onlarla vətəndaşın haqqının pozulmasına, əmlakının qanunsuz ələ keçirilməsinə imkan verməyəcəksiniz.
Bizi bizləşdirən hal ondan ibarətdir ki, hər birimiz “Mars-M” firmasından (VÖEN 1500418111) həmin firmanın Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə almışıq. Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik.
Lakin təəssüf ki, “Mars-M” firmasının və “Xalq Bank” ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş “Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni əsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur.
Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər – “Mars-M” firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı.
Bu da “Xalq Bank” ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş “Mars-M” firmasının digər vəzifəli şəxsləri, o cümlədən “Xalq Bank” ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar.
Cənab Prezident!
Biz vicdanlı, qanunlara riayət edən, halallıqla öz işini icra edən, fəaliyyəti ilə cəmiyyətimizə, dövlətimizə faydalı olmağa çalışan sadə vətəndaşlarıq. İllərlə qazandıqlarımızla qeyri-yaşayış sahəsi alaraq, böyük ümidlərlə ailəmizi, cəmiyyətimizi, dövlətimizi daha da inkişaf etdirən yeni planlar qurmuşduq. Lakin bir qrup pis niyyətli insanın vicdansız, qanunsuz əməli nəticəsində bu ümidlərimiz, gələcəyə dair olan planlarımız tamamilə dağıldı. Onlarla insan və bu insanlarla bağlı olan yüzlərlə ətrafı maddi zərərə və mənəvi əzaba düçar oldu.
Ancaq biz inanırıq ki, Prezidentimiz və Mehriban xanımımız bizi həmin vicdansızların vicdanına buraxmayacaq, vətəndaşının haqqını ona geri qaytaracaq. Biz buna əminik!
Göstərilənləri nəzərə alaraq, qeyd olunan məsələnin araşdırılmasını təcili olaraq nəzarətə götürməyinizi, əmlaklarımızın bizə geri qaytarılmasında köməklik etməyinizi və bu məsələ ilə əlaqədar bizi qəbul etməyinizi xahiş edirik”.
Qeyd edək ki, məktubu aşağıdakı şəxslər imzalayıblar:
1. Ağa-zadə Afət
2. Quliyev Sahib
3. Mahmudov Azər
4. Mahmudov Akif
5. Ramazanov Fuad
6. Bağırova Natəvan
7. Məmmədov Əliağa
8. Hüseynov Anar
9. Kazımov Zülfüqar
10. Məlikov Yalçın
11. Məmmədov Adil
12. Zamanov Ədalət
13. Həsənov Vüqar
14. Əliyev Elçin
15. Məmmədov Qalib