Müəllimlərin sertifikasiya təlaşı və ya hər imtahan optimal yol deyil

Cəmiyyət

27.05.2022 - 16:47

Təhsil eksperti: "Maaş, dərs yükü müəyyən edilərkən sertifikasiya imtahanının nəticəsi nəzərə alınmalıdır"

Müəllimlərin sertifikasiyası təhsildə ən çox müzakirə edilən məqamlardandır. Kiminə görə sertifikasiya gərəkli, kiminə görə isə müəllimə əlavə stress gətirən, yükünü ağırlaşdıran bir imtahandır.

Təhsil eksperti Qoşqar Məhərrəmov AYNA-ya müəllimlərin sertifikasiyası ilə bağlı fikirlərini bölüşüb:

- Sertifikasiya nədir?

- Sertifikasiya peşə sahiblərinin peşə standartlarına cavab verib-vermədiyini yoxlama, onları peşəkar inkişafa təşviq etmə, peşəyə yeni qoşulacaqları öz üzərlərində işləməyə sövq etmə və bunun hansı formada həyata keçirmə məsələsini izah etmə vəzifələri daşıyır.

- Qeyd olunmuşdu ki, müəllimlərin sertifikasiyası aparıldıqdan sonra sertifikasiyanı keçməyənlərə bir il də şans verildikdən sonra yenə keçməzsə, işdən çıxarıla bilər. Bu, niyə deyilmişdi?

- Çünkü belə bir ehtimal da var. Bəlkə çox hissə sertifikasiyanı keçməyəcək. Düşünmürəm ki, belə olacaq, amma hər ehtimala qarşı belə açıqlama verildi.

- Sertifikasiya etmədən müəllimlərin peşəkar inkişafına köklənilsə olmazmı?

- Olar! Amma yenə də öyrənməyə müqavimət göstərən kadrlar sistemin içində xalqın övladlarına zərər verməyə, onları öyrətməməyə davam edəcək. Sertifikasiya həm də bu tip kadrlardan sistemi təmizləyəcək.

- Bəs niyə bundan narahat olanlar var?

- Hamımız hansısa bir dəyişikliyə əvvəlcə müqavimət göstərməyə meyilli oluruq. Bu, bizim təbiətimizdir. Sonra zehnimizlə düşünürük. Əgər hər şey bizə aydındırsa və tələblərə cavab veririksə, rahatlaşırıq. Ancaq özünə inam problemi, o cümlədən ixtisas biliyi ya da pedaqoji bilik azlığı varsa, o zaman narahat olmağa başlayırıq. Sertifikasiyadan kəsilmək və yenidən bir il müddətində yenidən hazırlaşmaq stresini təsəvvür etmək elə də çətin deyil. Hər bir imtahan özü ilə stress gətirir. Ən optimal yol heç zaman imtahan deyil. Ən optimal yol deyəsən, direktorun öz müəllimini monitorinq etməsi, nöqsanları müəyyən edərək onu təlimlərlə inkişaf etdirməsi, əgər alınmırsa, yolları ayırmasıdır. Mərkəzləşmiş formada olan sertifikasiya imtahanı isə hazırkı şəraitdə mümkün variantların içində ən yaxşısı kimi görünür.

- Sertifikasiyadan sonra nə olmalıdır?

- Sertifikasiyadan sonra maaşlar, dərs yükləri, peşəkar karyera pillələrində inkişaf bu ballar nəzərə alınaraq aparılmalıdır. Yeri gəlmişkən, sertifikasiya prosesinə dərs müşahidələri də əlavə oluna bilər.

- Müsahibə vacibdirmi?

- Müsahibə işə götürənin işçisini görməsi nə qədər normaldırsa, o qədər normal bir prosesdir. İşə götürən növbəti 5 il üçün işçilərini görmək istəyir.

- Sertifikasiyaya necə hazırlaşılmalıdır və ya hazırlaşılmalıdırmı?

- Bəli, hazırlaşılmalıdır.

- Sertifikasiyaya hansı formada hazırlıq daha məqbuldur?

- Fənn kitablarını oxumaq, tapşırıqlar həll etmək, çıxmış sualları həll etmək, çərçivə sənədlərini öyrənmək, vebinarlara, baxmaq ən uyğun və səmərəli üsuldur.

- Müəllimlər bunu təkbaşına edə bilərlərmi?

- Əlbəttə, bu çox asanlıqla mümkündür. Müəllimlər bunun öhdəsindən rahatlıqla gələ bilərlər.

Müəllif: Banu Çiçək