Moskvadan İrəvana xəbərdarlıq: “Ermənistanın anti-Rusiya ritorikasına cavab veriləcək”

Dünya

16.11.2023 - 14:28

“Rəsmi İrəvanın atdığı konkret addımlar var ki, bunlar da razılaşdırılanların hamısına, imza atdığımız sənədlərə uyğun gəlmir”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Ermənistan arasında hazırda diplomatik sahədə təmasların nə dərəcədə intensiv olduğu və ilk növbədə hansı məsələlərin müzakirə edildiyi sualına cavab verib. Bu barədə AYNA rus mediasına istinadən bildirir.

“İlk növbədə, ən yüksək səviyyədə əldə edilmiş, müvafiq sənədlər kimi rəsmiləşdirilmiş bütün razılaşmalar və təbii ki, ən yüksək səviyyədə razılaşmaların həyata keçirilməsi üçün mövcud mexanizmlərdə əlaqələr intensiv müzakirə olunur”, - Zaxarova deyib.

XİN rəsmisinin sözlərinə görə, qarşılıqlı öhdəliklər, razılaşmalar, ikitərəfli münasibətlərlə bağlı intensiv təmaslar var: “Lakin əlbəttə, biz ayrı-ayrı siyasətçilərin Ermənistandan ünvanladığı bəzən aqressiv ritorikanı qeyd etməyə bilmərik. Təkcə Rusiya hökumətinin nümayəndələrinə deyil, həm də jurnalistlərə, ekspertlərə və bütövlükdə ölkəmizə qarşı fikirlər səsləndirilir. Biz buna reaksiya verməyə bilmərik və təbii ki, hələ də rəsmi İrəvanın atdığı konkret addımlar var ki, bunlar da razılaşdırılanların hamısına, imza atdığımız sənədlərə uyğun gəlmir. Təbii ki, Ermənistanın anti-Rusiya ritorikasına eyni şəkildə cavab verəcəyik”.

Müəllif: Ayna.az