Moskvadakı terrorda “Ukrayna izi” axtarışı və ya Kremldən verilən göstəriş

Dünya

24.03.2024 - 16:19

Anatoli Qaqarin: “Format daha sonra göstərir ki, sifarişçilər xarici koordinatorlar, ifaçılar isə Ukrayna xüsusi xidmət orqanları və onların agentləri olub”

Aleksandr Musienko: ““Ukrayna izi”nə heç kim buna inanmır, hətta Putinin özü də”

Martın 22-də Moskva vilayətində “Crocus City Holl”da konsert zalında baş verən terror aktı ətrafında müzakirələr davam edir. Rusiyalı analitiklərin əksəriyyəti terror aktında terror aktında Qərb və Ukrayna izi axtarışındadırlar. Qərbdə isə məsələlərə fərqli yanaşma mövcuddur.

Qeyd edək ki, “Crocus City Holl”da konsert zamanı silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Son məlumatlara görə, 150-dən çox insan həlak olub. İki yüzə yaxın isə yaralı var. Rusiya İstintaq Komitəsinin məlumatına görə, terroru törətməkdə şübhəli bilinən 11 nəfər Ukrayna ilə sərhəddə yaxalanıb və hazırda onlar dindirilirlər.

Tacik əsilli şəxslər olan şübhəlilərin “Telegram” kanallarında saxlanılma və dindirilmə anının görüntüləri də yayılıb.

İndi Rusiyada terror qurbanları üçün kədər, bu hücumu təşkil edənlərə nifrət hökm sürür. Hər kəsin isə əlbəttə ki, bir sualı var: təşkilatçılar kimdir?

Hər halda, bu sualın cavabını Rusiyanın rəsmi nümayəndələri bilməmiş deyillər. Lakin rus jurnalistlərin, analitiklərin mülahizələri var – onların demək olar ki, hamısı Qərb və Ukraynanı işarə edirlər. ABŞ və Ukrayna reaksiyasında “biz deyilik!” dedi. Ağ Ev bildirdi ki, “terror aktında Ukrayna və ya ukraynalıların əli olduğuna dair heç bir əlamət görmür”. Rəsmi Kiyev də terrorda əli olmadığını bəyan etdi və Ukrayna Prezidenti Volodimir Zelenski bu terrorda Rusiya hakimiyyətini günahlandırdı.

Rusiya Sistemli Siyasi Tədqiqatlar və Humanitar Layihələr İnstitutunun direktoru Anatoli Qaqarin fəqrli düşünür. Analitik “Qazeta.ru”ya deyib ki, Moskvada terror aktı çox güman ki, əvvəlcədən planlaşdırılıb və müəyyən səbəblərdən seçki kampaniyası zamanı baş verməyib: “Ola bilsin ki, seçki kampaniyası zamanı baş tutması planlaşdırılan terror aktı həmin vaxt gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən təxirə salınıb. Qərb şərhçilərinin reaksiya sürətinə görə, onların cavabının demək olar ki, dərhal yerləşdirilən konservləşdirilmiş məlumat olduğu aydındır. Yəqin ki, müvafiq göstərişlər verilib, çünki dərhal İŞİD-in bu işdə əli olması ilə bağlı versiya irəli sürülüb”.

Onun sözlərinə görə, Qərb Ukrayna xüsusi xidmət orqanlarından və onların icraçılarından şübhələri yayındırmaq üçün müxtəlif addımlar atıb: “Bu reaksiyaların təhlili və əsaslandırma cəhdlərinin təqdim olunduğu format daha sonra göstərir ki, sifarişçilər xarici koordinatorlar, ifaçılar isə Ukrayna xüsusi xidmət orqanları və onların agentləri olub. Hadisələrin gedişatı bunu sübut edir, çünki cinayəti törədənlər gizlənmək üçün Ukrayna sərhədinə qaçıblar. Bu, tamamilə başa düşülən, təkrarlanan haldır”.

“Bu vəziyyətin araşdırılması, eləcə də Rusiya istintaq xidmətlərinin, müvafiq bəyanatlar vermək, hərəkətə keçmək səlahiyyəti olan şəxslərin müvafiq cavabı tələb olunur. Biz indi mövcud olan beynəlxalq dəstəkdən görürük ki, dünya ictimaiyyəti şübhəsiz ki, bu terror aktını pisləyir və ümid edirəm ki, bu cinayətin araşdırılmasını da tələb edir”, - ekspert əlavə edib.

Qaqarin cinayəti nümayişkaranə hesab edir və Rusiya cəmiyyətini bir növ şoka salmaq üçün nəzərdə tutulduğunu deyir.

Politoloqun fikrincə, bu cür kütləvi tədbirlər müvafiq mühafizə və təhlükəsizlik şəraitində keçirilməlidir: “Mənə elə gəlir ki, bütün tədbirləri ləğv etmək tamamilə düzgün reaksiyadır, lakin istənilən halda gələcək hadisələrin qarşısının alınması üçün təhlükəsizlik təmin edilməlidir. Bu vəziyyəti təhlil etmək və müvafiq nəticələr çıxarmaq lazımdır”.

Müxalif “Meduza” saytı isə yazıb ki, Rusiya dövləti media nümayəndələrinə terrorda Ukrayna izi axtarmaq tapşırığı verilib. Məlumata görə, hakimiyyətə sadiq olanlar etiraf ediblər ki, onlar Prezident Vladimir Putinin administrasiyasından “Crocus City Holl”dakı terror aktını işıqlandırmaq üçün göstərişlər alıblar.

“Kremldən jurnalistlərə Moskva yaxınlığındakı “Crocus City Holl”da baş verən terror aktında Ukrayna ipuçlarını axtarmaq üçün gizli tapşırıq verib. Dövlət və kütləvi informasiya vasitələrinin sadiq orqanları öz nəşrlərində Ukraynanın guya bu işdə əli olduğunu vurğulamalıdırlar. Kremldən əmri bir neçə nəşr alıb. İndi həmin nəşrlərdə politoloqlar Qərb və Ukraynanı günahlandırırlar”, - yazıda qeyd olunub.

Nəşrinin məlumatına görə, Rusiyanın iki müxtəlif nəşrinin əməkdaşları anonimlik şərti ilə belə bir göstərişin həqiqətən də Kremldən alındığını bildiriblər. Moskva terrorçularının işində “Ukrayna izi”nin mümkün olması barədə bəyanat martın 23-də səhər saatlarında FSB tərəfindən yayılıb.

Rusiya xüsusi xidmət orqanı əmin edib ki, terror aktından sonra cinayətkarlar Rusiya-Ukrayna sərhədini keçməyi planlaşdırıblar. FSB həmçinin iddia edib ki, saxlanılan terrorçuların "Ukrayna tərəfində müvafiq əlaqələri olub". Və bu xətti indi hakimiyyətin göstərişinə əsasən, kütləvi informasiya vasitələrinin nümayəndələri saxlamalıdırlar.

Hazırda ruslar yazır ki, guya terrorçuluqda şübhəli bilinən şəxslər martın 23-nə keçən gecə Bryansk vilayətində sərhədə gedərkən saxlanılıblar. Və burada müəyyən uyğunsuzluqlar var.

“Rusiyalı müxalifətçi jurnalist Aleksandr Plyuşşov diqqəti ona yönəldir ki, əvvəlcə Rusiya mediasında Avropa İttifaqı hüdudlarından kənarda, Avropada ən az qorunan kəndlərdən biri olan Belarusla sərhəddə yerləşən Tepliy kəndində saxlanılması barədə məlumat yayılıb. Və yalnız bundan sonra saxlanma yeri qəflətən Belarusdan uzaqda yerləşən Hatsun kəndinə dəyişdirilib. Bu, Rusiyanın nə qədər primitiv məlumat yaymasının və yalanının göstəricisidir”, “Meduza” yazır.

Ukrayna Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko hesab edir ki, terror aktını İŞİD-in üzərinə götürməsi bəllidir: “Putinin Ukraynanın bu işə qarışması ilə bağlı sözləri, çox güman ki, daxili auditoriya üçün hesablanıb. Qondarma “Ukrayna izi”nə gəlincə, heç kim buna inanmır, hətta Putinin özü də. Terrorda şübhəli bilinən şəxslərin avtomobili Ukraynaya doğru hərəkət etdirməsi sadəcə bir fakt kimi göstərirlər. Kreml “Ukrayna izi”ni hansısa yolla ortaya atmağa çalışır ki, Rusiya təbliğatı qane olsun”.

Musienko qeyd edib ki, Kremlin Ukraynadakı müharibəyə yanaşmasında hər hansı dəyişiklik gözləməyin mənası yoxdur: “Düşünürəm ki, bu müharibə zamanı bizim hələ görmədiyimiz hansısa dsəyişiklik olmayacaq. Rusiyada plana uyğun olaraq həm atəşə, həm də müharibəyə dair hər şey var. Ona görə də bizim üçün əslində nəsə dəyişmir".

“Düşünürəm ki, bu, sonuncu terror aktı deyil, çünki İŞİD terror təşkilatı Rusiyaya müharibə elan edib. Onların bu üsullarla hərəkətə keçəcəkləri aydındır. Müharibə Suriyada, Çeçenistanda baş verən hadisələrə cavab olaraq elan edilib. Rusiyanın müdaxilə etdiyi yerdə dinc insanları öldürdülər.Putin nə qədər etiraf etmək istəsə də, indi Rusiya Federasiyası üçün çətin olacaq”, - ekspert fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla