“Moskva Bakının reaksiyasını və “sürünən ilhaqın” sərhədlərini bilmək istəyir” - <font color=red> POL QOBL</font>

Siyasət

24.12.2020 - 10:48

Amerikalı politoloq: “Türkiyə Qarabağdakı hərbi əməliyyatda birbaşa iştirak etməsə də, böyük bir siyasi rol oynadı - Rusiya NATO ölkəsi ilə hərbi qarşıdurma riskinə gedə bilmədi”

 

Bakı, İrəvan və Moskva arasında Dağlıq Qarabağda atəşkəs və Rusiya sülhməramlılarının gətirilməsi barədə üçtərəfli müqavilənin imzalanmasından bir aydan çox vaxt keçib. Bununla birlikdə, Qarabağ mövzusu hələ də informasiya məkanında ən vacib mövzulardan biri olaraq qalır, dünyanın hər yerindən tanınmış politoloqlar bu mövzuya dönə-dönə müraciət edirlər. Xüsusən də həll olunmamış problemlər çox olduğu üçün Böyük Sülh Müqaviləsi hələ hazırlanmayıb və imzalanmayıb.

 

Rusiya Müdafiə Nazirliyi tərəfindən 11 dekabr tarixində yayımlanan və fəaliyyət zonalarının özbaşına genişləndirilməsinə işarə edən yeni, öz mülahizələrinə görə düzəldilmiş sülhməramlıların yerləşdirilməsi xəritələri ilə bağlı məsələ də bu problemlərdə biridir. Təbii ki, bu, Azərbaycan ictimaiyyəti və səlahiyyətliləri arasında təbii, anlaşılan və ədalətli bir narazılığa səbəb oldu və bu faktor xarici ekspertlərin də diqqətdən kənarda qalmadı.

 

Məşhur amerikalı politoloq, postsovet məkanı üzrə ekspert, ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qobl, amerikalı jurnalist Coan Lisoskiyə verdiyi müsahibədə Dağlıq Qarabağda gedən proseslər ətrafında vəziyyətlə bağlı fikirlərini bölüşüb. AYNA Pol Qoblun müsahibəsindən bəzi maraqlı hissələri təqdim edir:

Пол Гобл об актуальности сегодня «Плана Гобла». Media.Az поговорила с  экс-спецсоветником Госсекретаря США

“10 noyabrdakı razılaşma döyüş əməliyyatlarını dayandırdı, amma bu, yenə də sülh müqaviləsi deyil. Əlbəttə ki, müqavilə nə vaxtsa hərtərəfli bir sülh müqaviləsinin hazırlanması və imzalanması üçün əsas ola bilər. Bu vaxta qədər ərazi nəzarəti məsələləri də daxil olmaqla, bir çox sual açıq qalır. Buna görə də “sürünən ilhaq” bu və ya digər tərəfin irəliləmək cəhdləri yenə də qarşı tərəfin reaksiyasına hesablanacaq.

 

Rusiya tərəfində işğal zonasını artırmaq üçün tərəflərin 10 noyabr razılaşması şərtlərinə əsasən razılaşdırdıqları başlanğıc nöqtəsindən hərəkət etmə ehtimalını yoxlamaqda maraqlı olan qüvvələrin olduğunu düşünürəm. Digər tərəfdən, Azərbaycan da ordusunun yerləşdirildiyi yerlərdə heç bir əməliyyat keçirməkdə maraqlı deyil. Vəziyyəti “nəbz yoxlaması” kimi xarakterizə etmək olar. Tərəflərin yeri və sərhədlərinin dəqiq bir xəritəsi olmadığına görə, bir qayda olaraq, sülh müqaviləsi ilə koordinasiya edilmiş, prosesin müxtəlif iştirakçıları bu cür cəhdləri davam etdirəcəklər. Bu proses 10 noyabr müqaviləsinin bütün tərəfləri arasında razılaşdırılan konkret xəritə hazırlanana qədər davam edəcək.

 

Bu proseslər Bakı üçün riskləri artırır. Bilməlisiniz ki, Rusiya sülhməramlı qüvvələri işğal ərazisini genişləndirmək missiyasını yerinə yetirir və hazırda Azərbaycan tərəfinin reaksiyasını yoxlayır. Ancaq bunu bir təxribat adlandırmazdım, çünki bu hərəkət qarşılıqlı addımları əhatə edir. Ruslar isə sadəcə Bakının reaksiyasının necə olacağını və icazə verilən “sürünən ilhaqın” sərhədlərini öyrənmək istəyirlər, Azərbaycan tərəfinin səbrinin həddi yoxlanılır. Bu addımlar hərbi qarşıdurma demək deyil: böyük ehtimalla sərhəd məsələləri müqavilə əsasında həll ediləcək.

 

ATƏT-in Minsk Qrupuna gəldikdə, gələcək sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar platformasına çevrilmək istərdilər, lakin 44 günlük Qarabağ müharibəsi, nəticələri və həmsədrlərlə görüşdə Prezident İlham Əliyevin bəyanatları bu qrupun proseslərə heç bir təsir gücünün olmadığını düşünməyə əsas verir.

 

Mən həmişə Minsk Qrupuna şübhə ilə yanaşırdım, əvvəlcə münaqişənin iki həll yoluna malik olduğuna inanırdım - İkinci Qarabağ müharibəsi prosesində gördüyümüz bir tərəfin hərbi üstünlüyü və ya münaqişə tərəflərinin liderləri arasında intensiv şəxsi danışıqlar. Minsk Qrupu, proseslərin beynəlxalq ictimaiyyətin himayəsi altında və xeyir-duası ilə getməsi baxımından əhəmiyyətlidir. Həmsədrlərin Bakıya səfəri zamanı baş verənlərdən asılı olmayaraq təsadüfi deyil və bəlkə də elə bu səbəbdən ABŞ, Aİ və ATƏT, Fransanın yoxluğunda Rusiya və ya Türkiyənin nüfuzunun artmasından qorxduqları (bu da Ermənistanın mövqeyini daha da zəiflədəcək) üçün Minsk Qrupunu dəstəklədiklərini ifadə etdilər. Problem ondadır ki, indi Bakı qərar verən tərəfdir. Bakının Minsk Qrupuna münasibətdə nə qədər irəli getməyə hazır olması onun Moskva ilə münasibətlərindən asılıdır. Bu vəziyyətdə Ermənistana çox az söz düşür.

 

Azərbaycan Ordusunun irəliləməsi dayandırıldı, halbuki bütün Qarabağı işğaldan azad edib Ermənistan ordusunu tamamilə məğlub edə bilərdi. Bakı müdrik və düzgün bir qərar verdi, çünki əks təqdirdə beynəlxalq aləm tərəfindən Azərbaycan böyük ölçüdə hərbi cinayətlərdə ittiham olunacaqdı. Azərbaycan hədəfinə çatdı, özü də nüfuzuna xələl gətirmədən.

 

Danışıqların olacağına inanıram, ancaq Minsk Qrupunun rolunun əhəmiyyətli dərəcədə azalacağını düşünürəm. Azərbaycanın mövqeyini nəzərə alaraq, düşünmək olar ki, bu, Minsk Qrupunun tərkibində köklü bir dəyişiklik edilmədən, xüsusən də Bakının istədiyi kimi Türkiyə və ya başqa bir ölkə daxil edilmədən, Minsk Qrupu öz 30 illik əhəmiyyətini qoruya bilməyəcək.

 

Sülhməramlılara gəlincə, beynəlxalq hüquqa görə, Rusiya münaqişə tərəflərindən birinin müttəfiqi olaraq, Qarabağdakı sülhməramlı əməliyyatda iştirak edə bilməz. Ancaq eyni zamanda, Azərbaycan müstəqil bir suveren dövlət olaraq hər hansı bir ölkənin qoşunlarını öz ərazisinə dəvət etmək hüququna malikdir - Rusiya və ya Türkiyə ola bilər. Ancaq Rusiyanın Cənubi Qafqazdakı təsirinin böyük ölçüdə azaldığını söyləmək lazımdır. Moskva Paşinyanı Bakının əli ilə aradan qaldırmaq istəyirdi, amma məlum olduğu kimi, hazırkı Ermənistan hökumətinin yerini Moskvaya yaxın olanlar deyil, dişlərinə qədər silahlanmaq istəyən revanşist qüvvələr əvəz edə biləcəyi qorxusu var idi. Moskvanın qətiliklə istəmədiyi şey budur - yeni bir müharibə onun maraqlarına uyğun deyil. Buna görə də, hələlik Vladimir Putin Paşinyanı devirmək planlarını təxirə saldı. Bundan əlavə, Rusiya lideri, prinsipcə, küçə etirazları yolu ilə hakimiyyət dəyişikliyinə qarşıdır və bu səbəbdən Lukaşenkoya dəstək verməyə davam edir.

 

Bu müharibə nəticəsində Moskva Rusiyanın müttəfiqinə xəyanət etdiyinə inanan erməni xalqının inamını itirdi, küçələrdə insanlar öz qüvvələrindən daha çox Moskvanı günahlandırırlar. Məlum olduğu kimi, indi adi ermənilər Baş nazirin özündən daha çox Rusiyaya qarşı çıxırlar. Bu hal Kreml üçün tamamilə sürpriz oldu.

 

Türkiyəyə gəlincə, o - müharibədə Azərbaycanın istifadə etdiyi əsas silah tədarükçüsü idi. Türkiyənin Azərbaycana böyük siyasi dəstəyi Rusiyanın bu müharibədə iştirak etməməsinin səbəblərindən biri idi, çünki Ankara ilə Moskva arasında birbaşa toqquşma ehtimalı yüksək idi. Yəni, Türkiyə Qarabağdakı hərbi əməliyyatda birbaşa iştirak etməsə də, böyük bir siyasi rol oynadı - Rusiya NATO ölkəsi ilə hərbi qarşıdurma riskinə gedə bilmədi. Türkiyənin mövqeyi və dəstəyi Azərbaycana uğurlu hərbi əməliyyat aparacağına inam verdi. Əslində, Türkiyə Rusiyanı münaqişəyə Ermənistanın tərəfində müdaxilə etməkdən saxladı.

 

Ankaranın xarici siyasəti Bakıya mənfi təsir göstərə bilərmi? Azərbaycan üçün potensial risklər mövcuddur. Çünki Türkiyənin xarici siyasəti, xüsusən də Moskva ilə münasibətlərində bəzən sürprizlər olur - onlar bir müddət dostdurlar, sona rəqibə çevrilirlər. Və bu halda Azərbaycan Türkiyəyə çox yaxındırsa, üçüncü bir tərəflə münasibətlərinin girovuna çevrilir.

 

Maraqlı bir sual - Azərbaycanın bu müharibə nəticəsində tam qələbə qazanıb-qazanmamasıdır. Beynəlxalq ictimaiyyət 1991-ci il sərhədlərinə riayət edilməli olduğunu təsdiqlədi. Ancaq Azərbaycan bütün işğal olunmuş ərazilər üzərində nəzarəti ələ ala bilmədi, rus sülhməramlıları müəyyən ərazilərə daxil oldu. Bu, əlbəttə ki, Azərbaycanın qələbəsidir, lakin tam qələbə deyil. Vaxtında evlərini tərk edən azərbaycanlılar bir müddətdən sonra tam olaraq bütün ərzilərə geri dönə bilməyəcəklərini başa düşəcəklər və bu, həm Bakı, həm də Qarabağ üçün problemlər yarada bilər.

 

Digər aktual bir məsələ - münaqişə tərəfindən hərbi əməliyyatlarda hərbi cinayətlərə görə hərbi qulluqçularının cəzalandırılmasıdır. Azərbaycan artıq dörd hərbçisini ədalət mühakiməsinə verib və bu, beynəlxalq ictimaiyyətin və insan haqları müdafiəçilərinin birmənalı dəstəyinə səbəb oldu. Lakin Ermənistan hökuməti hələ də bu istiqamətdə heç bir addım atmayıb.

 

Azərbaycan cinayətləri törədən hərbçiləri məsuliyyətə cəlb edərək,  yeganə düzgün qərarı verdi. Hər iki tərəfin qanunsuz addımlar atdığı faktları açıqdır, lakin Azərbaycan dərhal bu kimi halları araşdırmağa başladı. Ermənistan isə, ehtimal ki, hələ də hərbi məğlubiyyət nəticəsində aldığı şokun təsiri altındadır. Əvəzində isə Bakının nümunəsini əsas götürməklə, beynəlxalq tribunal işə girişməmiş, məsələni araşdıraraq, günahkarları cəzalandıra bilərdi”.

Müəllif: Mira Həsənova