Ölkədə RT, “Sputnik”, “Ren” TV, NTV, “TV Center”, “Rossiya 1”, “Rossiya 24”, “Tsarqrad”, “Birinci kanal” və digər KİV-lərin yayımı bloklanıb
Monteneqro hakimiyyəti Rusiya təbliğat mediasının ölkədə yayımını əngəlləmək qərarına gəlib. AYNA-nın məlumatına görə, Monteneqronun Elektron Media Agentliyi hökumətin qərarına istinadən xəbər verir ki, bloklama iyulun 10-dan qüvvəyə minir, 20 nəşrə və kanala təsir edəcək. O cümlədən, RT, “Sputnik”, “Ren” TV, NTV, “TV Center”, “Rossiya 1”, “Rossiya 24”, “Tsarqrad”, “Birinci kanal” və digər KİV-lərin yayımı bloklanır.
Monteneqro hakimiyyətinin qərarı artıq Rusiya Xarici İşlər Nazirliyində isterikaya səbəb olub. Belə ki, departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova Monteneqronu “Avropa yolunda mühüm irəliləyiş ümidi ilə Brüsselə rəğbət qazandırmaq” məqsədi ilə törədilən “daha bir düşməncəsinə çılpaq senzura aktı”nda ittiham edib.
“Rusofob transatlantik gündəmi razı salmaq üçün onlar öz cəmiyyətlərinin və dövlətlərinin demokratik əsaslarını sarsıtmaq kursunu davam etdirməyə və öz vətəndaşlarını informasiya əldə etmək hüququndan məhrum etməyə hazırdırlar. Bu qeyri-dost hərəkətlər cavabsız qalmayacaq”, - diplomat hədələyib.
May ayında ABŞ Dövlət Departamenti ABŞ və Avropa İttifaqının Balkan ölkələrində Rusiyanın təbliğatına və dezinformasiyasına qarşı birgə mexanizm işə saldığını açıqlamışdı.