Maya Sandu: “Qərar vətəndaşlar tərəfindən demokratik yolla qəbul edilməlidir”
“Moldova Konstitusiyasında təsbit olunmuş neytrallıqdan imtina və ölkənin hərbi ittifaqlara daxil olması barədə qərar vətəndaşlar tərəfindən demokratik yolla qəbul edilməlidir”. AYNA xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu "Politico" nəşrinə müsahibəsində deyib.
Sandu vurğulayıb ki, hazırda ölkəsinin özünü müdafiə etmək qabiliyyəti ilə bağlı müzakirələr gedir: “Daha böyük ittifaqın bir hissəsi olmasaq, müdafiəni özümüz təkbaşına bacaracağıqmı? Amma əgər biz bir dövlət olaraq neytrallığı dəyişməli olduğumuz qənaətinə gəlsək, bu, demokratik proses vasitəsilə baş verməlidir”.
Moldova Prezidenti ölkənin hərbi sektora sərmayə yatırmasına ehtiyac olmadığı fikirləri ilə də razılaşmayıb.
Qeyd edək ki, Moldova NATO ilə fərdi tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Kişinyovda NATO-nun informasiya mərkəzi fəaliyyət göstərir və 2017-ci ilin dekabrında orada Şimali Atlantika Alyansının bürosu açılıb.
Sandu daha əvvəl də Alyansın ölkədə islahatlara və Moldova ordusunun modernləşdirilməsinə dəstək verməsində maraqlı olduğunu bildirib.
Bu mövqeyi avropalı siyasətçilər dəstəkləyib və onlar hesab edirlər ki, Moldovanın neytral statusu Dnestryanı münaqişədən sonra qoyulub. Lakin bu, əməkdaşlığa mane olmamalıdır. NATO ilə əməkdaşlığı gücləndirmək isə müxalifət tərəfindən tənqid olunur.