Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

Cəmiyyət

28.10.2022 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Toplantıda iki məsələ müzakirə olunub, layihələr plenar iclasa tövsiyə edilib

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Bu barədə AYNA-ya Milli Məclisdən bildirilib. Komitə sədri Zahid Oruc deyib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Z.Oruc əvvəlcə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, "Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Konvensiyaya uyğun olaraq, layihədə təklif edilən dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.

Qeyd edilib ki, dəyişikliklərdə uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə cinsi istismar qurbanlarına hüququ yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi, bununla bağlı maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar yer alıb.

Məsələnin mahiyyətindən bəhs edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, "Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan  bəzi cinayət tərkibləri təkmilləşdirilir. Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.

Komitənin sədr müavini Tahir Kərimli, üzvləri Bəhruz Məhərrəmov və Jalə Əhmədova  layihədə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışıblar. Deputatlar uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınmasının, bu sahədə nəzarət mexanizmlərinin vacibliyini qeyd ediblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra komitə sədri Z.Oruc “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi (ikinci oxunuş) barədə danışıb.  O, bildirib ki, Konstitusiya qanununda insan hüquqları sahəsində ombudsmana verilmiş bir sıra səlahiyyətlərin yeni icra mexanizmləri müəyyən edilir və təkmilləşdirilir.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət