Milli Məclisdə etiraz: “Bu dotasiyanı azaltmaq doğru olmaz”

Aktual

24.11.2026 - 15:49

Parlamentin iclasında Naxçıvandakı ağır sosial-iqtisadi vəziyyət gündəmə gətirildi: “Yaxşılaşan vəziyyət hələlik yoxdur”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 10 məsələ müzakirəyə çıxarılıb. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bildiriblər.

Parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Ermənistanın Konstitusiyasında dəyişikliklər məsələsinə toxunub. Millət vəkili deyib ki, bu, təkcə hüquqi deyil, həm də siyasi və ideoloji əhəmiyyət daşıyır: "Konstitusiya hər bir dövlətin quruculuğunun əsas sənədi, xalqın gələcək inkişaf istiqamətini və dövlətçilik ideologiyasını müəyyən edən başlıca siyasi-hüquqi sənəddir. Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması və referendumda qəbul edilməsi ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır”.

“Ermənistan cəmiyyəti qarşısında indi əsas seçim revanşizm və sülh arasında aparılmalıdır”

“Ermənistan cəmiyyəti qarşısında indi əsas seçim revanşizm və sülh arasında aparılmalıdır. Erməni xalqının yeni Konstitusiya ilə bağlı qərarını xarici dövlətlər deyil, ölkə vətəndaşlarının iradəsimüəyyən etməlidir", - Z.Oruc qeyd edib.

Komitə sədri vurğulayıb ki, 2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin səsi keçmiş rəhbərliyin hakimiyyətə qayıtmasına və yeni müharibə perspektivinə münasibətin göstəricisidir: "Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Ermənistanın əvvəlki siyasi və ideoloji yanaşmalarına da təsir göstərib. Yeni Konstitusiyanın ərazi iddialarından imtina və qonşularla dinc münasibətlərin qurulması baxımından əhəmiyyətlidir. Regionda yaranan yeni geosiyasi və iqtisadi imkanlar, ABŞ tərəfindən irəli sürülən TRIPP layihəsinin icrasının başlanması Cənubi Qafqazda yeni mərhələnin göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Regionda sülhün təmin olunması Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin genişlənməsi üçün də yeni imkanlar yaradacaq".

“Ermənistanın gələcəyi ərazi iddialarından imtina etməsindən və Azərbaycanla münasibətlərdə sülh yolunu seçməsindən asılıdır. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır!”, - deputat bəyan edib.

“Naxçıvanın sosial-iqtisadi inkişafına mane olan əsas amillərdən biri Azərbaycanla quru nəqliyyat əlaqəsinin olmamasıdır”

“Naxçıvan Muxtar Respublikasına 2027-ci il dövlət büdcəsindən ayrılması nəzərdə tutulan dotasiyanın azaldılması məqsədəuyğun deyil. Gələn il Naxçıvana dövlət büdcəsindən 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulub. Bu isə əvvəlki illə müqayisədə 6,4 faiz azdır”. Bu sözləri isə deputat Fazil Mustafa səsləndirib.

Millət vəkili qeyd edib li, Muxtar Respublikada mövcud vəziyyət nəzərə alınaraq dotasiyanın azaldılması əvəzinə, onun artırılması məsələsinə baxılmalıdır: “Fikrimcə, bu məsələ üzərində biz bir də düşünməliyik. Çünki yaxşılaşan vəziyyət hələlik yoxdur. Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə çox ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur. Yenə deyirəm, Naxçıvanın sosial-iqtisadi inkişafına mane olan əsas amillərdən biri Muxtar Respublikanın Azərbaycanla quru nəqliyyat əlaqəsinin olmamasıdır. İran ərazisindən keçən marşrut üzrə də mövcud vəziyyət sabit daşımalar üçün arzuolunan imkanlar yaratmır. Yaxın tarixdə bizi Ermənistanla bağlı münasibətlərdə maraqlandıran ən vacib məsələ TRIPP layihəsinin icrasına başlanması və mümkün səviyyədə bu işlərin həyata keçirilməsinə bölgədə maneçiliyin törədilməməsidir. Yaxın illərdə bu layihənin icrası bizim ən böyük strateji hədəflərimizdən biri olan Naxçıvanla əlaqələrin quru yolunun açılmasına gətirib çıxara bilər və eyni zamanda, Türkiyə ilə də birbaşa quru əlaqələrimizin qurulmasına imkan yaradacaqdır”.

“Təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə gəlib bu müalicəni həyata keçirmək mümkün olmur”

F.Mustafa Naxçıvanda sosial problemlərin, xüsusilə işsizlik məsələsinin də ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. O, səhiyyə sahəsindəki çətinliklərə də toxunaraq, müalicə üçün Bakıya gəlmək məcburiyyətində qalan sakinlərin yol və digər xərclərlə bağlı problemlər yaşadığını deyib: “Bəzən səhiyyə sahəsində müəyyən kadrların böyük əksəriyyətinin Bakıda daha çox olması və orada bu sahədə müəyyən problemlərin olduğunu nəzərə alaraq əhalinin, xüsusilə də müəyyən xəstəliyə düçar olmuş insanların Bakıya gəlib-getməsi məsələsində ciddi problemlər yaranır. Bəzən insanlar müalicə olunmaqdan çəkinirlər. Çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə gəlib bu müalicəni həyata keçirmək mümkün olmur. Naxçıvan sakinlərinin tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması üçün də dövlət səviyyəsində əlavə dəstək mexanizmləri nəzərdə tutulmalıdır. Hələ ki yollar açılmadıqca, bu dotasiyanı azaltmaq doğru addım olmaz və bu məsələdə düşünmək lazımdır. Hökumət başqa imkanları nəzərə alaraq bunun əksinə, artırmalıdır ki, heç olmasa, xəstəliyə düçar olmuş insanlar pulsuz, ödənişsiz bir dəfə gəlib-getmək imkanı əldə etsinlər. Ən azı həyatlarını sürdürə bilsinlər. Digər məsələlərdə də bu insanların müəyyən sosial vəziyyətini yaxşılaşdırmaq üçün köməklik edilə bilər”.

“Təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib”

Deputat Ceyhun Məmmədov çıxışında deyib ki, bu gün kainat yeni təlatümlü və qarışıq bir mərhələyə daxil olub: "Getdikcə dünyada müharibə və münaqişələrin sayı daha da artır. Çox təəssüf ki, müasir dövrdə əldə etdiyi bu qədər elmi nailiyyətə və tərəqqiyə baxmayaraq, insanlıq mənəvi inkişaf yox, tənəzzül mərhələsinə qədəm qoyub. Artıq müharibə yalnız sərhədlərdə və səngərlərdə deyil, həm də beyin və düşüncələrdə gedir. Bu isə öz növbəsində problemin nə qədər mürəkkəb, təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir".

“Bu gün artıq sosial media müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrilib. Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib və getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir etməkdədir. Bütün bunlar isə bu sahənin tezliklə tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir. Əslində bu gün sosial mediada baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya və vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir. Bütün bunların fonunda isə hələ də çoxumuz qarşıda bizi hansı təhlükələr gözləyir, tam bilmirik. Nəticədə isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsi labüddür”, - millət vəkili əlavə edib.

Deputat Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlhm Əliyev ideoloji işin vacibliyi ilə bağlı dediklərini xatırladıb: “Məhz dövlət başçısının müvafiq tapşırıqlarına əsasən son vaxtlar bu sahədə mühüm işlər həyata keçirilməkdədir. Heç şübhəsiz ki, bura yeni tarixi filmlərin çəkilməsi, tamaşaların qoyulması və əsərlərin yazılması da daxildir. İdeoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək, ictimai şüuru düzgün yönə istiqamətləndirmək qeyri-mümkündür".

“İdeoloji istiqamətdə həyata keçirilməli olan tədbirlərdən biri də Vətən müharibəsində qələbənin əhəmiyyətinin ictimai şüurda daha da möhkəmləndərilməsi istiqamətində atılmalı olan addımlardır. Hesab edirəm ki, bu istiqamətdə bir çox mühüm işlər görülsə də, narahatedici proseslərin qarşısının alınması üçün əlavə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var", - deyə C.Məmmədov vurğulayıb.

“Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb”

“Sabah Kəlbəcər şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik rayonlardan hesab olunur. Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində Kəlbəcər rayonu heç bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana geri qaytarıldı. Bu Vətən müharibəsində əldə olunan hərbi qələbənin diplomatik,  siyasi və eləcədə iqtisadi müstəvidə davamı kimi qiymətləndirilir". Bu sözləri isə deputat Vüqar Bayramov səsləndirib.

Deyib ki, Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik rayonlardan hesab olunur. Deputat qeyd edib ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilib: "İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlıq ziyan dəyib. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verdi. Həmçinin tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Son 5 ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindəndir. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat olan Kəlbəcər rayonunda hazırda 1.5 milyard manatdan çox məhsul istehsal olunur".

“Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edən Kəlbəcər 150 milyon manatdan yüksək sənaye potensialına malikdir. Bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq Kəlbəcərdə tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb. Bu qlobal olaraq bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdəndir. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyub. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır", - deyə V.Bayramov əlavə edib.

Bundan sonra gündəlikdə olan məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş