Azərbaycanlı jurnalist: “Hər kəs “Zəngəzur Azərbaycandır” deyə sosial şəbəkələrdə statuslar yazanda, mən Zəngəzuru ermənilərdən təmizləyən qəhrəmanımızın ailəsini tapdım, məzarının yerini öyrəndim”
O, fəaliyyəti ilə xüsusi diqqət çəkən parlaq bir jurnalistdir, istedadlı və yorulmaz qələm əhlidir. Dünyaca məşhur şəxslərdən aldığı eksklüziv müsahibələri ilə böyük media qurumlarının bacarmadığı işi görür. Həm də təkbaşına və həm də yeganə rəhbəri-işçisi olduğu saytı vasitəsilə. Bir-birindən maraqlı müsahibələrini Azərbaycan və ingilis dillərində öz saytında yayımlayır.
Beləliklə, AYNA-nın həmsöhbəti “HafizTimes.com” saytının təsisçisi, baş redaktoru və tək müxbiri Hafiz Əhmədovdur.
- Hafiz Əhmədov kimdir?
- Vətən müharibəsində könüllü iştirak etmiş bir əsgər, müharibə veteranıyam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunuyam. ANS-in Jurnalistika Akademiyasını bitirdikdən sonra bir neçə il oranın saytında müxbir vəzifəsində çalışmışam. “HafizTimes.com” saytının yaradıcısı, tək işçisi, bütün eksklüziv müsahibə və tarixi araşdırmaların, “Varislərlə Müsahibələr-1” kitabının müəllifiyəm. Hazırda isə Tovuz rayonu Köhnəqala kəndində yaşayıram.
- Fəaliyyətinizdə maraqlı yanaşma tətbiq edirsiniz: önəmli insanları, önəmli faktları tapırsınız və önəmli mətləblərə işıq tutursunuz. Necə “izinə düşürsünüz” həmin adamların, həmin faktların?
- Qeyd edim ki, mənim fəaliyyətim çoxşaxəlidir. Yəni ki, yaradıcılığımın bir hissəsi Azərbaycanla bağlıdır. Azərbaycanın tarixi şəxsiyyətlərini araşdırıram, onların dünyanın müxtəlif ölkələrinə səpələnmiş ailə üzvlərini, varislərini tapıb, müsahibələr götürürəm. Digər tərəfdən isə Azərbaycanla heç bir bağı olmayan dünya şöhrətli şəxsiyyətlər: yazarlar, alimlər, aktyorlar, siyasətçilər və sairdən eksklüziv müsahibələr götürürəm. İndiyə qədər yazdığım bütün müsahibə və araşdırmalarım Azərbaycan mətbuatı tarixində ilklərdir.
Bəzən, bir kənara çəkilib öz yaradıcılığıma da nəzər salıram, deyirəm ki, mən kimləri necə, harada axtarıb tapdım, müsahibəyə necə razı saldım və s. Bu suallara cavab tapmaqda özüm də çox çətinlik çəkirəm. Bəlkə də, düz deyirlərmiş: “bir qapı bağlananda, digəri açılır”. Araşdırıb müsahibə götürdüyüm şəxsiyyətlər o qədər çox və fərqlidirlər ki, bəzən adlarını da unuduram. “İşinizi yaxşı yerinə yetirin. Tökdüyünüz beton torpağın altında qalsa da, gözəl olmalıdır. Heç kim onu tərifləməsə də, heç kim görməsə də, siz işinizi yaxşı görün. Bu, sizin qazancınızın qarşılığı deyil, xarakterinizin göstəricisidir” prinsipinə sadiq qalmağa çalışıram.
Məncə, “önəmsiz insan”, “önəmsiz fakt” yoxdur. Bu, sadəcə bizim ona baxış tərzimizdən aslıdır. Biz nəyə və yaxud kimə önəm veririk? Məsələn, mən bu yaxınlarda tarixi bir uğura imza atdım. Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun qəhrəman general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından, Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərən Cavad bəy Şıxlinskinin İranda yaşayan ailəsini tapdım, 97 yaşlı oğlundan müsahibə götürdüm. İllər sonra, bu qəhrəman generalımızın məzarının dəqiq yerini öyrəndim. Hər kəs “Zəngəzur Azərbaycandır”, “Zəngəzur dəhlizi gələn il açılacaq” deyə sosial şəbəkələrdə statuslar yazanda, xəbər buraxılışlarında mülahizələr söyləndə mən 1919-cu ildə Zəngəzuru ermənilərdən təmizləyən qəhrəman generalımız Cavad bəy Şıxlinskinin İranda yaşayan ailəsin tapdım, dəqiq məzarının yerini öyrəndim. Həm də 100 ildən sonra! Bu, mənim üçün çox önəmli bir fakt idi.
Bu yaxınlarda mətbuatdan oxudum ki, “Neft Daşlarını” kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin yeganə övladı Yalçın Əliyev faciəvi şəkildə evində vəfat edib, 6 aydan sonra onun nəşini evində polis tapıb, aparıb dəfn edib və həmin ev milyonlarla manata satışa çıxarılıb. Xəbəri oxuyarkən şok oldum, günlərlə özümə gələ bilmədim. Çünki, illər öncə mən həmin evdə qonaq olub Yalçın Əliyevdən də geniş müsahibə götürmüşdüm, o da həmin evdə atası, əfsanəvi neftiçimiz Ağaqurban Əliyevin Ev Muzeyini yaradacağını demişdi. Həmin evin satışa çıxarılması xəbəri məni çox narahat etdi. Bəs Ağaqurban Əliyevin oradakı şəxsi əşyalarının aqibəti necə oldu? Bu barədə çox narahatlıq dolu, hüznlü bir status paylaşdım və hər şeyi xalqımızla bölüşdüm. Daha sonra həmin yazımı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), Heydər Əliyev Fonduna da göndərib xahiş etdim ki, oxuyub bir tədbir görsünlər. Bir müddət öncə isə əfsanəvi neftçimiz Ağaqurban Əliyevin Amerikada yaşayan və həmin evi satışa çıxarmış nəvələrinin əlaqə vasitələrini tapdım, danışdım, onun şəxsi əşyalarının anbarda olduğunu öyrəndim. Bu barədə təcili SOCAR-a da məlumat verdim. Onlar da ailə ilə əlaqə saxladılar, həmin əşyaların anbardan çıxarılıb bir muzeydə sərgilənməsi üçün bütün tədbirləri görəcəklərini bildirdilər. Bu, mənim üçün çox önəmli faktdır. Gənclərimiz Ağaqurban Əliyev kimi dahi şəxsiyyəti yaxından tanımalıdırlar.
Məsələn, hər gün ölkəmizdəki əksər ekspertlər, siyasətçilər, millət vəkilləri Fransanın Qarabağ məsələsində Azərbaycana qarşı qərəzli mövqe tutduğundan bəhs edirlər. Mən isə Şarl de Qollun “Azad Fransızlar” dəstəsinin fəal üzvü, Fransanı faşizmin pəncəsindən xilas edən əfsanəvi partizan İdris Həşimovun həyatını, dəqiq məzarının yerini araşdırdım, Amerikadakı nəvəsindən müsahibə götürüb, Azərbaycan və ingilis dillərində yayımladım. Niyə məhz İdris Həşimov?! Çünki İdris Həşimov İkinci Dünya müharibəsi dövründə Fransadakı anti-faşist Partizan Müqavimət Hərəkatında xidmət edib, Fransanın bir çox böyük şəhərinin faşizm işğalından azad edilməsində iştirak edib. Həmçinin yüzlərlə qadın, uşaq və yaşlını əsir düşərgələrindən xilas edib. Döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlığına görə Fransanın orden və medalları ilə təltif edilib. Mən də bütün dünyaya göstərməyə çalışdım ki, Fransanın belə bir azərbaycanlı qəhrəmanı da olub! Və həmin araşdırma, müsahibəmin sonunda isə məlum olur ki, Fransanın azərbaycanlı milli qəhrəmanı olan İdris Həşimovun evi və qəbri 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı erməni qarətində məhv edilib. Və hazırda da həmin məzar erməni tərəfində, tapdaq altındadır. Mən bir araşdırma-müsahibəm ilə Azərbaycan qarşı düşmən mövqeyi tutan hər iki dövlətə də tutarlı cavab verməyə çalışdım. Bunlar mənim üçün çox önəmli faktlardır. Başqaları üçün isə başqa şeylər önəmlidir...
- Gördüyünüz işin miqyası böyük olsa da, onu yetərli səviyyədə təqdim etmək üçün böyük tribunanız yoxdur. Bəlkə də, var... Varmı? Yoxdursa, nə arzu edərdiniz?
- Bu sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, Fransanın azərbaycanlı Milli Qəhrəmanı, qəbiri ermənilər tərəfindən Birinci Qarabağ savaşı zamanı dağıdılan, qarət edilən İdris Həşimovla bağlı hazırladığım həmin tarixi araşdırma-müsahibəmi öz saytımda yayımlayıb, sosial şəbəkələrdə də paylaşdım. Çox təəssüflər olsun ki, bəzi insanlar bu yazımın önəmini də tam dərk edə bilmədilər. Mən məcbur olub həmin yazımı Azərbaycanın bütün dövlət orqanlarına da göndərdim: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə xanım Qafarova, Xarici İşlər Nazirliyi, Azərbaycanın Fransadakı səfiri Leyla xanım Abdullayevaya elektron müraciətlər, məktublar göndərdim. Yazdım ki: “Xahiş edirəm, Fransanın azərbaycanlı Milli Qəhrəmanı İdris Həşimovla bağlı mənim bu tarixi araşdırma, müsahibəmi oxuyun. Bu qəhrəman şəxsiyyətin ermənilər tərəfindən dağıdılmış, qarət edilmiş məzarı tapılsın, bərpa olunsun. Və Fransa hökumətinə də bəyan edilsin ki, siz nəyi müdafiə edirsiniz?! Bütün fransız xalqı da öz azərbaycanlı Milli Qəhrəmanlarını tanımalıdır. Bilsinlər ki, İdris Həşimovun məzarını da məhz ermənilər dağıdıb, məhv ediblər”.
Bir müddət sonra, Fransadakı Azərbaycan Səfirliyindən müsbət bir cavab məktubu aldım. Həmin araşdırma-müsahibəmi çox bəyəniblər və mənə təşəkkür etdilər. Və hazırda da aidiyyəti qurumlar bu istiqamətdə dövlət səviyyəsində işlər görür. Bir araşdırmaçı-jurnalist üçün bundan böyük uğur olarmı?!
Bəli, gördüyüm işləri təqdim etmək üçün elə bir yüksək tribunam yoxdur. Aylarla, bəzən də illərlə bir araşdırma-müsahibə üzərində çalışıram, öz saytımda yayımlayıram, sosial şəbəkələrdə paylaşıram. Çox təəssüflər olsun ki, daha geniş bir kütləyə təqdim edə bilmirəm. Üzərimə düşən hər şeyi edirəm, araşdırıram, yazıram, yayımlayıram. Və mənim vicdanım da rahatdır.
- Yerli və ya əcnəbi olsun, hansısa media orqanlarından əməkdaşlıq təklifi alırsınızmı? Məsələn, nə təklif edirlər: bu işləri görəcəksiniz, bu qədər qonorar alacaqsınız...
- Bəzən yerli media orqanlarından iş təklifləri alıram. Bir saat yazılarım barədə təriflər yağdırırlar. Mən də öz təşəkkürümü bildirirəm. Hər dəfə mənə sual verirlər ki, niyə Bakıya köçmürsünüz? Onlara hər şeyi olduğu kimi danışıram. Deyirəm ki, mən hazırda Tovuzda uzaq bir kənddə yaşayıram, bütün müsahibə-araşdırmalarımı da burada çox çətinliklə də olsa yazıram, yayımlayıram. Bakıya kitabımın təqdimatı üçün gedirəm, axşam olmamış avtobusa minib kəndə qayıdıram və s. Çünki Bakıda yaşamaq üçün ev, iş yeri, müəyyən qədər vəsait lazımdır. Təəssüflər olsun ki, onlar da məndə yoxdur. Təklif etdikləri məbləği də kirayə xərcinə verəndə mənə nə qalacaq?! Cavab verə bilmirlər. Sadəcə olaraq, müsahibə götürdüyüm şəxslərə necə çıxdığımı soruşurlar, heyrətlə mənə qulaq asıb, təriflər deyirlər.
Əlbəttə ki, Bakı mənim üçün çox doğma bir şəhərdir. Mənim yaradıcılığımı izləyən hər bir oxucum da bilir ki, bütün müsahibələrimdə Bakı ilə bağlı xüsusi bir sualım olur. Bakıdakı bütün ən möhtəşəm, milyonluq binaları tikən dünya şöhrətli memar-dizaynerləri də tapıb özəl müsahibələr götürmüşəm. Onlar isə mənim Bakıdan çox uzaqda yaşadığımı bilmirlər.
Mənim bir jurnalist vəsiqəm də yoxdur, qeydiyyatdan da keçməmişəm. Amma bu qədər araşdırma, eksklüziv müsahibələrin müəllifiyəm. Dünya şöhrətli şəxsiyyətlərə müsahibə üçün müraciət edəndə cəmi 5 müsahibəmin linkini gödərməyim kifayət edir, müsbət cavab alıram. Onlar da məndən heç nə tələb etmirlər. Heç unutmaram, illər öncə, bir eksklüziv müsahibəmi digər məşhur mətbuat orqanına satmalı oldum, mənə cəmi 60 manat qonorar verdilər. Həmin müsahibəmin isə minlərlə oxucusu oldu! Dünya şöhrətli bir sənətkar həyatında ilk dəfə olaraq Şuşada konsert vermək istədiyini də məhz mənə açıqlamışdı. Belə bir müsahibəni çox az bir məbləğə satmağa məcbur olmağım mənə çox pis təsir etmişdi. Ondan sonra bir də heç vaxt yazılarımı satmadım. Heç bir qazanc, gəlir əldə etmədən bütün bu yazılarımı yalnız öz saytımda, kitabımda yayımlayıram.
Məsələn, Boris Conson Britaniya kimi bir super dövlətin Baş naziri idi, mən onun jurnalist bacısını tapıb, müsahibəyə razı saldım. O, müsahibə zamanı “damarlarımda türk qanı axdığı üçün qürur duyuram” söylədi. Daha sonra isə yüksək vəzifələrdə çalışmış atasından da geniş müsahibə götürdüm. O da türk keçmişindən qürurla bəhs edib, həyatının etiraflarını etdi. Bu yaxınlarda isə dünyada ən çox oxunan müasir fransız yazıçısı Mark Levidən eksklüziv müsahibə götürdüm. O da ilk dəfə olaraq müsahibə zamanı türk olduğunu açıqladı və bundan qürur duyduğunu söylədi. Düşünürəm ki, bunlar çox önəmli faktlardır. Və mənim bütün yazılarımda belə məqamlar var və hamısını bu müsahibə zamanı sizinlə bölüşməyim mümkün deyil.
Mən həmişə inandım ki, tarixi araşdırma-müsahibələrimi oxuyan kəslər mənim bu ölkə, bu xalq üçün nələr etdiyimi nə vaxtsa dərk edərlər. Ona görə də heç vaxt dayanmadım, geri çəkilmədim, uzaq bir kənddə, heç bir şərait olmadan da yazmağa, araşdırmağa davam etdim. Azərbaycan Xalq Cümhuriyyətinin ən görkəmli şəxsiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan ailə üzvlərini tapdım, həmsöhbət olub tarixi müsahibələr hazırladım, saytımda, kitabımda da yayımladım. Təəssüflər olsun ki, bu ölkədə mənim yaradıcılığıma da heç bir dəyər verilmədi. Bir müddətdir düşünürəm ki, artıq bu reallıqla barışmalıyam və yaşamaq üçün yeni qərarlar qəbul etməliyəm. Yəqin ki, 100-200 ildən sonra bu ölkədə mənim kimi bir gənc də tapılar, bütün fəaliyyətimi da araşdırar və dəyər verərlər.
- Gözümüzün önündə milli mətbuatımızla Qərb mətbuatını canlandıraq, nə görürük?
- Mən dünya şöhrətli ingilis yazıçı Culian Barnsdan, milyarder Rokfeller ailəsindən, “Facebook”un sahibi Mark Zukerberqin atasından, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin oğlundan, “Buker” mükafatı laureatı amerikalı yazıçı Corc Sondersdən, dünyada ən çox oxunan müasir fransız yazıçısı Mark Levidən, dahi ingilis yazıçısı Corc Oruellin yeganə övladından, əfsanəvi kinoaktyor Brüs Linin qızı Şennon Li və digər adını çəkmədiyim məşhur şəxslərdən eksklüziv müsahibələr götürəndə özümlə bağlı yuxarıda qeyd etdiyim heç bir məlumatı verməmişdim. Çünki onların ölkələrindəki araşdırmaçı jurnalistlər məndən çox fərqli həyat standartlarına və iş imkanlarına malikdirlər. Əgər mən özümlə bağlı bütün reallığı onlara açıqlasaydım, bizim ölkəyə qarşı sadəcə olaraq çox mənfi fikirdə olardılar.
Bəzən insanlar elə düşünürlər ki, mənim müsahibə götürdüyüm şəxslərin Azərbaycan mətbuatına danışmaq üçün ürəkləri gedir və s. Bu, qətiyyən belə deyil. Sizin qeyd etdiyiniz həmin Qərb mətbuatında da Azərbaycanla bağlı xeyli sayda neqativ məlumatlar dərc olunur, o kəslər də həmin mənfi xəbərlərin təsirinə düşürlər. Amma onlar gənc bir jurnalistə dəstək olub, onun gələcək karyerasına töhfə vermək üçün belə müsahibələrə razılıq verirlər. Təsəvvür edin ki, erməni lobbisinin də çox aktiv olduğu ölkələrdə mən məşhur şəxsiyyətlərdən ingilis dilində müsahibələr götürürəm və onlar da Azərbaycanın ünvanına xoş fikirlər səsləndirirlər. Bunun üçün mən onları pul müqabilində, milyonlar qarşılığında satın almıram. Onlar gənclərə dəstək olmağı özlərinə mənəvi borc bilirlər və bununla da öz vicdanları qarşısında rahat olurlar.