Biz iş axtararkən iş onları axtarır

Cəmiyyət

29.01.2020 - 21:49

Necə edək ki, işimiz (avand) olsun?

 

Kapitalizm sisteminin əsas tələblərindən biri iş tapmaqdır. Lakin bu ehtiyac, inkişaf etmiş kapitalist ölkələri üçün artıq aktuallığını itirib. Çünki Qərb dünyasında hazırda işçi işi deyil, iş işçini axtarır, onun ayağına gəlir.

 

Çox təəssüf ki, bu üstün səviyyəni ölkəmizə şamil edə bilmərik. Bizdə hələ də işçi iş axtarır, həm də bəzi hallarda “əldə çıraqla”.

 

Azərbaycan vətəndaşı işi necə tapır, ya da necə tapa bilər? AYNA bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

 

Elşən Ağalar: “Şəxsən iş üçün müraciət etdim, rəhbərliklə görüşdüm. Beləliklə, məni işə qəbul etdilər”.

 

Əzizə İsmayılova: “Mənim işə qəbul olmağımın film kimi bir tarixçəsi var. Ev telefonuma səhv düşən bir zəng nəticəsində səsim onun diqqətini çəkib və mən radioda işləmək dəvəti almışam. Artıq 11 ildir bu sahədə çalışıram”.

 

Tünzalə Xəlilova: “Bir dəfə qəzetdə dayım haqqında bir məqalə oxudum. Qəzetin redaksiyasına zəng edib məqalənin kim tərəfindən yazılması ilə bağlı maraqlandım. Söhbət əsnasında mənim təhsilim və harada işlədiyimi soruşdular və işə dəvət elədilər. Digər iki redaksiyaya isə xəbər ediblər ki, işçi axtarırlar, əməkhaqqı və perspektiv yaxşıdır. Mən də müraciət etmişəm, işə qəbul ediblər”.

 

Cəmilə Abdullayeva: “İlk dəfə konfransda çıxışım zamanı fikirlərimi bəyənib mənə iş təklifi etdilər. Orada 10 il çalışdım. İkinci işimə isə CV verdim, 2 saatdan sonra işə qəbul olundum. Orada isə 5 il çalışdım, paralel olaraq öz biznesimi də qurdum. Üçüncü iş yerimə də CV göndərib, müsahibədən keçdim, qəbul olundum və özümü sınayıb 3 ay sonra işdən ayrıldım”.

 

Fərahim İlqaroğlu: “Azərbaycanı deyə bilmərəm, Almaniyada sən işi yox, iş səni axtarır”.

 

Tərxan Paşazadə: “Qəzetdə elan gördüm və elanda göstərilən qaydada iş üçün müraciət etdim. İmtahan verdim, 1 ilə yaxın ehtiyatda qaldım. Daha sonra məni işlə təmin etdilər”.

 

Vüsalə Cəfərova: “Müsahibədən keçərək işə qəbul olmuşam. Müsahibəm ingilis dilində keçib. Müsabiqədə bir mətn verdilər ki, ingilis dilindən Azərbaycan dilinə tərcümə edim. Mən də rusdilli olduğum üçün öncə mətni rus dilinə tərcümə etdim. Rus dilindən isə Azərbaycan dilinə tərcümə elədim. Cəmi 7 dəqiqə vaxt vermişdilər. Mən bu vaxta tərcüməni hazırlaya bildim və işə qəbul olundum”.

 

Billurə Bernard: “Mən Azərbaycanda yaşayanda iki yerə CV göndərdim və iş təklifləri aldım. Təbii ki, beynəlxalq şirkətin təklifini qəbul etdim”.

 

Ülviyyə Axundova: “Birinci iş yerimə təsadüfən qəbul olundum. İkinci iş yerimə CV göndərdim və işə qəbul etdilər məni. İndi isə sərbəst şəkildə çalışıram. Artıq təklifləri dəyərləndirirəm. Bir sözlə, mənim üçün işə düzəlmək o qədər də çətin olmayıb”.

 

Murad Uğurov: “Dostluq və tanışlıqla işə qəbul olmuşam”.

 

Bəhruz Seyfulla: “Mən daim gələn təklifləri dəyərləndirmişəm”.

Müəllif: Təranə Xudabaxşiyeva