Almaniya və Ukrayna liderləri məsləhətləşmələr aparıblar
Almaniya kansleri Fridrix Merz ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, telefon söhbəti Ukrayna Prezidentinin ABŞ-a planlaşdırılan səfəri ərəfəsində avropalı liderlərlə məsləhətləşmə çərçivəsində baş tutub.
Merz telefon danışığı ilə bağlı “X” hesabındakı paylaşımında avropalı müttəfiqlərin Ukraynaya fəal dəstəyini vurğulayaraq qeyd edib: “Biz qətiyyətlə sizin yanınızdayıq. Sülhün, azadlığın və təhlükəsizliyin təmin olunması üçün Avropanın güclü və koordinasiyalı yanaşması hələ də həyati əhəmiyyət daşıyır. Berlin qrupu ABŞ-dakı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində kömək göstərməyə hazırdır”.
Ukrayna Prezidenti isə görüşlə bağlı “X”dakı paylaşımında telefon söhbətində ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüşə hazırlıq məsələlərini müzakirə etdiyini vurğulayıb: “Mövqelərimizi uzlaşdırırıq və Avropada hər kəs Avropa həyat tərzimizi, dövlətlərimizin müstəqilliyini və Avropada sülhü qorumaq məsələsində eyni mövqedə olmalıdır”, - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Almaniyanın ölkəsinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü ifadə edərək, Almaniya ilə birgə görülən işlər sayəsində Ukraynada minlərlə insanın həyatının xilas edildiyini bildirib.