Çökmə uzun sürən quraqlıqdan sonra yağan güclü yağışlar nəticəsində baş verib
Meksikada Miçoacan ştatının qədim İhuatsio şəhərində 15 metrlik piramida çöküb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Meksika Milli Antropologiya və Tarix İnstitutu açıqlayıb ki, piramidanın 700 ildən çox yaşı olub.
İhuatsiodakı piramida Purepeça imperiyasının ən yaxşı qorunan abidələrindən biri olub. Bu, Kolumbdan əvvəlki Amerikanın azteklərin fəthlərinə müqavimət göstərə bilən yeganə dövlətdir.
İnstitut aydınlaşdırıb ki, çökmə uzun sürən quraqlıqdan sonra yağan güclü yağışlar nəticəsində baş verib.
Purepeça xalqının müasir nümayəndələri piramidanın dağılmasını “pis əlamət” hesab edirlər. İnstitutun məlumatına görə, bu binadan başqa İhuatsioda daha altı tikili yararsız vəziyyətdədir.