Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Vaşinqton sammitinin iştirakçılarını “düşmən” adlandırıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun Vaşinqtonda keçirilən sammiti iştirakçılarının imzaladığı bəyannaməyə sərt reaksiya verib. AYNA xəbər verir ki, Medvedev öz “Telegram” kanalında “Rusiya Şimali Atlantika Alyansının və Ukrayna dövlətinin yox olması üçün hər şeyi etməlidir”, deyə yazıb.
“Biz hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən “dönməz yolu” ya Ukraynanın yox olması, ya da NATO-nun yox olması ilə başa çatsın. Yaxud daha yaxşısı, hər ikisi yox olsun”, Rusiya rəsmisi yazıb.
Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Vaşinqton sammitinin iştirakçılarını “düşmən” adlandırıb.
Qeyd edək ki, iyulun 10-da NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən Alyans sammitində NATO-nun Ukraynanı qəbul etməyə hazır olduğunu açıqlayıb və eyni zamanda, bunun üçün hələ çox iş görülməli olduğunu qeyd edib: “Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olacağı ilə razılaşır, lakin bunun nə vaxt baş verəcəyini söyləmək hələ tezdir. Biz Ukrayna ilə birlikdə onun üzvlüyünə doğru gedirik, konkret addımlar atırıq”.