Məcburiyyətdən doğan mənfəət: Türkiyə ilə İsrail barışır

Siyasət

28.01.2021 - 13:19

İstər ABŞ-ın yeni rəhbərliyinin yürüdəcəyi siyasət, istərsə də digər kənar oyunçuların maraqları bu iki ölkəni bir-birinə möhtac edir

 

ABŞ-ın yeni Prezidenti Co Bayden artıq səlahiyyətlərinin icrasına başlayıb və bir sıra qərarlar qəbul edib. Baydenin yeni administrasiyaya ABŞ-ın keçmiş Prezidenti Barak Obama ilə çalışanları gətirməsi Obama dəsti-xətti ilə gedəcəyi barədə də fikirlər formalaşdırıb.

 

Məlumdur ki, Obama hakimiyyətinin son dövrlərində İsrail hökuməti ilə probemlər meydana gəlmiş, Türkiyə ilə münasibətlər də birmənalı olmamışdı. Bu siyasətin davamını Bayden dövründə də görəcəyimiz ehtimal edilir. Buna qarşılıq olaraq da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay əvvəldən Obama-Bayden siyasətinə adekvat demokratikləşmə paketi elan edib ki, bununla da Amerikanın Türkiyəyə qarşı təzyiqlərini neytrallaşdırmaq istəyir. Buna əsasən də artıq Türkiyə ilə İsrail arasında yaxınlaşma hiss edilməyə başlayıb və İsrail rəsmiləri son günlər bununla bağlı açıqlamalar səsləndirirlər.

 

Belə ki, İsrailin iqtisadiyyat naziri Yuval Steinitz Amerika mətbuatına açıqlamasında Türkiyənin bölgədə ən güclü oyunçulardan biri olduğunu söyləyib və Prezident Ərdoğanla Ağ Evdəki görüşünü xatırladıb: “Ərdoğanla Ağ Evdə tanış olduq. İsrail qazının bir boru xətti ilə (Leviathan-Ceyhan) Türkiyəyə ixrac edilib-edilməyəcəyindən danışdıq. Hətta, türkiyəli həmkarlarımla da bununla bağlı görüşlərimiz olmuş, lakin nəticəsiz qalmşdı”.

 

“Türkiyəni Şərqi Aralıq Dənizi Qaz Forumunda görməkdən son dərəcə məmnun olacağıq. Bu münasibtələr ticari-iqtisadi əməkdaşlıq üçün çox əhəmiyyətlidir”, -deyə israilli nazir vurğulayıb. 

 

Bununla yanaşı, bu yaxınlarda İsrailin Yunanıstandakı səfiri Yossi Amrani də Yunanıstan mətbuatına açıqlamasında İsrailin hədəfələri arasında Türkiyə ilə əməkdaşlığın olduğunu və bu əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını səsləndirib.

 

Bu proseslərin fonunda, Co Bayden dövründə Türkiyə-ABŞ və Türkiyə-İsrail müansibtələri necə cərəyan edəcək? Türkiyə ilə İsrailin yaxınlaşmasını Bayden Administrasiyasının iki ölkəyə birmənalı olmayan münasibəti ilə əlaqələndirmək olarmı?

TRT World Research Centre - Turan Gafarli

Türkiyədə yaşayan azərbaycanlı politoloq, “TRT World” telekanalının siyasi analitiki Turan Qafarlının AYNA-ya şərhinə görə, Bayden siyasi kursunda Türkiyənin böyük rolu olacaq: “Türkiyə hakimiyyətinin hansı mövqedə duracağını biz hələ Baydenin andiçməsindən əvvəl, yəni Türkiyənin Amerikaya yavaş-yavaş yaxınlaşdığı dövrdən görürdük. Yəni, Türkiyə hakimiyyəti artıq Bayden hakimiyyətinin gəlişinə hazırlaşır, sıfırdan təzə səhifə açmağa çalışır, yeni paket hazırlayırdı. Çünki Türkiyə hakimiyyəti Baydenlə əməkdaşlıqda maraqlıdır”.

 

“Amma, əlbəttə ki, Baydenin təyin etdiyi xarici işlər nazirinin mövqeyinə nəzər salsaq, görərik ki, o, Türkiyənin bir çox siyasi mövqeyinə qarşıdır, xüsusən də Türkiyənin Suriyadakı siyasətinə. Həmçinin, o, kürd dövlətinin yaranmasına verdiyi dəstəklə məhşurdur. Amma təbii ki, siyasətdə, xüsusən də xarici siyasətdə praktika vacibdir. Ona görə də praktiki maraqlar üst-üstə düşsə, Türkiyə Amerikanın razılaşacağı addımları ata bilsə, qarşılıqlı güzəştlər olsa, daha yaxşı ola bilər. Yox, əksinə Türkiyə güzəştə getməsə, münasibətlər əvvəlki illərdən də pis ola bilər. Ona görə də İsraillə də dost olmaq Türkiyənin işinə yarayacaq və bu, mütləqdir. Eyni vaxtda Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarınının yeni hökumətinin yaxınlaşması da lazımdır ki, bu da Türkiyəyə kömək olsun”, - deyə ekspert vurğulayıb.

 

Qafarlının sözlərinə görə, yeni Ağ Ev rəhbərliyi Baydenin şəxsi maraqlarına görə Türkiyə ilə yaxınlamşayacaq, burada Türkiyənin də addımları olmalıdır: “Əks halda, Bayden Türkiyəyə qarşı məsafəli dayanacaq və ya Türkiyəni maraqlandıran hər hansı bir məsələdə Türkiyənin lehinə qərar verməkdənsə, ən azından neytral qalacaq. Ona görə də bu məsələdə, əsasən Baydenin çıxarlarından daha çox Türkiyənin maraqlarının Amerika ilə nə dərəcədə üst-üstə düşdüyü daha böyük əhəmiyyət kəsb edəcək”.

Tofiq Abbasov: “Dinlərarası münasibətlərin gərginləşməsində hər iki tərəf  günahkardır”

Politoloq Tofiq Abbasov isə AYNA-ya açıqlamasında deyib ki, ABŞ-Türkiyə münasibətlərinin ən gərgin vaxtlarında belə, bu iki ölkə qarşılıqlı əməkdaşlıqdan imtina etməyib: “Çünki hər iki dövlət bir-biri ilə əməkdaşlıqda maraqlıdır, onların bir-birindən böyük gözləntiləri var və onlar dünyanın ən həssas bölgələrindən olan Yaxın Şərqdə geosiyasi iqlim formalaşdırır və istiqamətləndirirlər. Buna görə də hər iki dövlətin münasibətləri uğurla inkişaf edir. Ancaq zaman keçdikcə bəzi ziddiyyətlər əvvəl görünməyən tərzdə özünü ifadə edirsə, sonra onlar görünməyə başlayır. Lakin hər halda Türkiyə bölgənin son dərəcə perspektivli dövlətlərindən biridir”.

 

“Düzdür, İsrail texnoloji baxımdan daha üstündür və xammala olan ehtiyaca görə insan kapitalından daha düzgün istifadə edir deyə, liderlik cəhətləri ortaya çıxıb. Xüsusən də Fələstinlə bağlı onların mövqeyi bir qədər həm suallar doğurur, həm də qıcıq yaradır. Çünki faktiki olaraq onlar bəzi hallarda qeyri-proporsional davranaraq fələstinlilərə qarşı güc tətbiq edirlər. Bu baxımdan da tökülən qan münasibətlərdə elə çat yaradır ki, indiyə qədər onun təsirini biz görürük”, - politoloq bildirib.

 

Bununla belə, Abbasovun dediyi kimi, Yaxın Şərq elə bir bölgədir ki, dünya liderlərinin də maraqları özünü əks etdirir: “Xüsusən də Britaniyanın vaxtı ilə o bölgədə mandatının olması və mandata qədər bu ərazilərin Osmanlının tərkibində olması münasibətlərdə rol oynayır. Bu baxımdan, həm Türkiyənin, həm də Britaniyanın həmin bölgəyə marağı böyükdür. Biz görürük ki, Londonla Ankara arasında münasibətlər də getdikcə yüksək səviyyəyə çıxır”.

 

“Bu isə İsraili narahat etməyə bilməz, ona görə də İsrail ciddi-cəhdlə çalışır ki, Türkiyə ilə münasibətlərini tarazlaşdırsın və tətbiq edilən paketlər də onlar ibarətdir ki, münasibətləri yaxşılaşdırmaqla ortaq mənfəət əldə etsinlər. Təbii ki, onların arasında elə bir maneə də yoxdur ki, istəklərinə nail ola bilməsinlər”, - deyə analitik vurğulayıb.

 

O, münasibətlərin Azərbaycan üçün də maraqlı olduğunu əlavə edib: “Çünki biz həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətlərimizi inkişaf etdirirk. Türkiyə bizim üçün qardaş dövlətdir, İsrail isə bizim üçün tərəfdaş ölkədir və müsbət anlaşma şəraitində münasibətlərimizi inkişaf etdiririk. Təbii ki, onların yaxınlaşması bizim də xeyrimizə işləyəcək”.

Müəllif: Mərahim Nəsib