Putinin mətbuat katibi məlumatları təkzib edib
"Rusiya hakimiyyətinin mayın 9-da ölkədə ümumi səfərbərlik elan etməyi planlaşdırması ilə bağlı bir sıra KİV-də yer alan xəbərlər reallığa uyğun gəlmir". AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu doğru deyil, cəfəngiyatdır. Belə məlumatlara qulaq asmağa dəyməz", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Peskov həmçinin vurğulayıb ki, Rusiyanın mayın 9-da Ukraynaya rəsmən müharibə elan etməsi ehtimalı da yoxdur.
Qeyd edək ki, Qərb mətbuatı Rusiya hakimiyyətinin ölkədə ümumi səfərbərliyə başlamaq və Ukrayna ərazisində "xüsusi əməliyyat"ın sürətini artırmaq üçün yaxın vaxtlarda Kiyevə rəsmən müharibə elan etməyə hazırlaşdığını yazıb. Nəşrlərə müsahibə verən ekspertlərin fikrincə, bu, Rusiyanın Qələbə Gününü qeyd edəcəyi mayın 9-da baş verə bilər.