“Səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir”
Venesuela Prezidenti və Ali Baş Komandanı Nikolas Maduro Kolumbiya ilə sərhədə, eləcə də respublikanın Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Mən şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin 25,000 kişi və qadınının Kolumbiya ilə sülh zonasında, Karib dənizi sahillərində və Nueva Esparta, Sucre və Delta Amakuro əyalətlərinin Atlantik sahillərində sürətli cavab taktiki tapşırıq qüvvələrini gücləndirmək üçün yerləşdirilməsi əmrini verdim", - deyə bildirib.
Maduro vurğulayıb ki, “səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün kifayət qədər tədbirlər görmədiyini iddia edir. “Reuters” agentliyinin məlumatına görə, avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines (USS Gravely, USS Jason Dunham və USS Sampson) "narkotik kartellərlə mübarizə əməliyyatları aparmaq üçün" Venesuela sahillərinə Cənubi Karib hövzəsinə göndərilib. Həmçinin bildirilib ki, “USS Newport News” nüvə sualtı qayığı, idarə olunan raket kreyseri “USS Lake Erie”, desant gəmiləri və 4500 hərbçi yerləşdirilib. Sentyabrın 2-də Tramp ABŞ silahlı qüvvələrinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuela narkotik kartelinin 11 üzvünü öldürdüyünü açıqlayıb.