Ləkidə gizli fəaliyyət göstərən çayxana aşkarlanıb

Xəbərlər

28.01.2021 - 11:45

Çayxananın icarədarı və müştərilər cərimələniblər

 

Ağdaş rayonu ərazisində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

 

Obyektə baxış zamanı orada olan iyirmi müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyənləşdirilib. C.Məcnunov və müştərilər Ağdaş Rayon Polis Şöbəsinə gətiriliblər.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Onlar məhkəmənin də qərarı ilə cərimələniblər.

 

 

Müəllif: Ayna.az