Kuleba təşkilata sədrlik edəcəyi dövrdə Ukraynanın 5 prioritetini qeyd edib
Rusiyanın genişmiqyaslı təcavüzünə baxmayaraq, Ukrayna 2023-cü ildə GUAM-a sədrliyi dövründə məhsuldar və qətiyyətli liderliyə sadiq olacaq.
AYNA APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba GUAM XİN Şurasının onlayn formatda keçirilmiş iclasında deyib.
O, Moldovanın builki sədrliyi üçün minnətdarlıq ifadə edib və əlavə edib ki, Ukrayna gələn il GUAM-a qətiyyətli və məhsuldar liderlik etmək əzmindədir.
Dmitri Kuleba təşkilata sədrlik edəcəyi dövrdə Ukraynanın 5 prioritetini qeyd edib.
Nazirin sözlərinə görə, onların arasında GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü; yeni iqtisadi imkanların yaradılması və Avropa və Asiya bazarları arasında ticarətin inkişafı; azad ticarət zonasının tam fəaliyyətinə nail olmaq; GUAM Nəqliyyat Dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət; gömrük prosedurlarının sadələşdirilməsi və GUAM Nəqliyyat Dəhlizi çərçivəsində daşınma üçün sənədlərə kompleks yanaşmanın tətbiqi daxildir.
“Biz həmçinin rus dilinin GUAM-ın rəsmi və işçi dili statusundan məhrum edilməsində üzv dövlətlərin dəstəyinə ümid edirik”, - o vurğulayıb.