Dmitri Peskov: “Baş verən hər şey yalnız Serbiyanın daxili işidir”
“Serbiya rəhbərliyi ölkədə təhlükəsizliyi təmin etmək üçün bütün tədbirləri görməyə qadirdir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, baş verən hər şey yalnız Serbiyanın daxili işidir.
"Serbiyanın qanuni rəhbərliyi var və fikrimizcə, bütün lazımi tədbirləri görməyə qadirdir", - Peskov bildirib.
Qeyd edək ki, Serbiyada etirazlar 46,7 faiz səslə Prezident Aleksandr Vuçiçin “Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi parlament seçkilərindən sonra başlayıb. 23,69 faiz səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Dekabrın 24-də axşam saatlarında “Serbiya Zorakılığa Qarşı” müxalifət blokunun nümayəndələri Assambleyanın binası qarşısına toplaşıblar. Etirazçılar seçkinin nəticələrinin ləğvini tələb ediblər.
Binaya basqın etməyə 2,5 minə yaxın insan gəlib. Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, iğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb. Bundan əlavə, binaya basqın edən digər iştirakçıların axtarışı aparılır.
Etirazçılar polisə daş və butulka atıblar. Nəticədə hüquq-mühafizə orqanlarının iki əməkdaşına ağır bədən xəsarətləri diaqnozu qoyulub. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib.