Patogenlərə qarşı sürətli vaksinlər hazırlamaq təklifi şirkətlər tərəfindən rədd edilib
Dünya miqyasında böyük zərərlərə və çox sayda itkilərə səbəb olan koronavirusla bağlı yeni iddia gündəmə gəlib. AYNA xəbər verir ki, bu barədə İngiltərənin beynəlxalq “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı (Aİ) 3 il bundan əvvəl koronavirus kimi patogenlərə qarşı sürətli vaksinlər hazırlamaq üçün aparıcı dərman şirkətlərinə təklif irəli sürüb. Lakin bu təklif şirkətlər tərəfindən rədd edilib.
Belə ki, Aİ nümayəndələrinin bu təklifi İnnovativ Əczaçılıq Təşəbbüsü (İMİ) adlı təşkilata təqdim etdiyi bildirilib: “Bu tədqiqat və layihə ilə patogenlərə qarşı vaksinlərin hazırlanması və mümkün bir pandemiyanın başlamazdan əvvəl qarşısının alınması təklif olunub. Lakin İMİ-nin nəzdində fəaliyyət göstərən dərman şirkətləri bu təşəbbüsə əhəmiyyət verməyib”.
Qeyd edək ki, Aİ-də daxil olmaqla müxtəlif özəl və dövlət qurumlardan maddi dəstək alan İMİ Avropada tibbi təcrübələr aparmaq və yeni epidemiyaların qarşısını almaq üçün məsuliyyət daşıyır.