Koronavirus “Nissan”ı da “vurdu”

Dünya

28.05.2020 - 12:55

Avtomobil istehsalçısı Barselonadakı fabrikini birdəfəlik bağlayır

 

Koronavirus pandemiyası səbəbi ilə çətin günlər yaşayan Yaponiyanın avtomobil istehsalçısı “Nissan” İspaniyanın Barselona şəhərindəki fabrikini birdəfəlik bağlayır. AYNA xarici mediaya istinadən xəbər verir ki, İspaniya hökumətinin açıqlamasında, fabrikin bağlanması ilə 2 min 800 nəfərin işsiz qalacağı qeyd edilib.

 

İspaniyanın Sənaye naziri Raul Blanko bağlanan fabrikə yeni investisiya qoymağın, bağlamaqdan daha az maliyyə tələb etdiyini söyləyib. O, fabriki bağlamaq üçün 1 milyard avro, istehsalın faydalı şəkildə davam etdirilməsi üçün isə 300 milyon avro lazım olduğunu deyib

 

Başqa bir xəbərə görə, “Nissan” Barselonadakı təsisi bağlayaraq, istehsal işlərini Fransaya köçürür. Digər yandan, “Nissan”ın fabriki bağlama qərarının arxasında yeni strategiyanın olduğu vurğulanır. Belə ki, “Nissan” yeni şərikləri “Renault” və “Mitsubishi” ilə birlikdə hazırlanan böhrandan çıxışa yönəlik yeni idarəçilik anlayışı haqqında çıxış edib. Yeni idarəçiliklə Yaponiya, Çin və ABŞ bazarlarında “Nissan”, Avropada isə “Renault” liderlik edəcək. Bununla da üç avtomobil şirkətinin istehsal və yeni model ortaya qoyma xərclərinin 40 faizə qədər azaldılması gözlənilir.

 

Müəllif: Ayna.az