Koronavirus əleyhinə peyvənd olunan həkim: “Əlinizdə bir sübut varsa...”

Cəmiyyət

28.01.2021 - 19:20

“Vaksin əleyhinə danışan insanların, 90 faizinin tibbdən anlayışı yoxdur” – Aydın Əliyev

 

Yanvarın 18-dən Azərbaycanda koronavirus (COVID-19) pandemiyası əleyhinə peyvəndləməyə start verildi. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri vaksinasiyaya cəlb olundu. Fevralın 1-dən isə 65 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə başlanılacaq.

 

Peyvəndlənmə ölkəmizdə könüllü olaraq həyata keçirilir. Çindən alınan “Sinovac” şirkətinin “CoronaVac” vaksini insanlara pulsuz vurulur.

 

Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtina edəcəklərini bildirirlər. Bəziləri isə onun peyvənd deyil, hər hansı vitamin olduğunu iddia edirlər. Həkimlər isə insanları tərəddüd etmədən vaksin vurdurmağa çağırırlar.

 

Bəs, vaksin vurduran həkimlər özlərini necə hiss edirlər, orqanizmlərində hər hansı dəyişiklik müşahidə olunurmu? AYNA mövzuya dair, vaksinasiyaya cəlb olunan həkimlərdən Aydın Əliyevlə həmsöhbət olub.

No description available.

- Doktor, vaksinasiyadan sonra özünüzü necə hiss edirsiniz?

 

- Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır, heç bir şikayətim yoxdur. Vaksinasiya olunmağımın artıq 7-ci günüdür.

 

- Hər hansı yan təsirləri oldumu?

 

- Mən heç bir yan təsirini hiss etmədim. Peyvənd olunan həkim dostlarımızla da maraqlanıram. Onlarda da heç bir yan təsir görülməyib. 90 faiz insanlarda da heç bir yan təsir falan müşahidə edilməyib. Tək-tük insanlarda yüngül halsızlıq, baş ağrıları hiss oluna bilir. Böyük əksəriyyəti isə hər hansı yan təsirləri olmur.

 

- Peyvənlənmə iki mərhələdən ibarət olacaq. Hətta, üçüncü mərhələ barədə də söhbətlər gəzir…

 

- Xeyr! İnsanda immunitetin yaranması üçün iki doza vaksinasiya kifayət edir. İkinci doza birinci dozadan 3 həftə sonra vurulur, bununla da daha keyfiyyətli immunitet yaranmış olur.

 

- İnsanlar arasında peyvəndin lehinə olanlar da var, əleyhinə olanlar da…

 

- Karantinin bitməsi üçün vaksinasiyadan keçmək çox vacibdir. Təhsilimiz yarımçıq qalıb. Restoranlarımızda saysız-hesabsız ofisiantlar, aşpazlar, mühafizəçilər işsiz qalıb. Vaksin əleyhinə olan insanlar bütün bunları başa düşməlidirlər, anlayış göstərməlidirlər. Təssüflər olsun ki, vaksin əleyhinə danışan insanların demək olar ki, 90 faizinin tibbdən anlayışı yoxdur. Tibbdən anlayışları olmaya-olmaya onlar necə müəyyən edə bilər ki, vaksin zərərlidir?! Bununla bağl fikir bildirmək üçün mütəxəssis olmalısan. Məsələn, mən bir nəfərdən soruşdum ki, vaksin nədir? Dedi: “Bilirəm”. O zaman izah etməsini istədim, amma izah edə bilmədi. Biz Tibb Universitetində 100-ə yaxın dərs keçmişik, 6 il təhsil almışıq. Bu illər ərzində öyrəndiyimizi, tibb sahəsində olmayan adam 5 dəqiqə, 10 gün, 5 aya öyrənə bilməz axı...

 

Həmin insanlara yenidən sizin vasitənizlə demək istəyirəm ki, əllərində hər hansı bir elmi sübut olunmuş dəlil varsa, ortaya qoysunlar. Xaricdə də səhv düşüncəli insanlar var. Yoxsa, hansısa xarici bir ölkədə kimsə götürüb nəyisə paylaşır, bizimkilərin də əlində heç bir əsas olmaya-olmaya həmin paylaşımlara inanırlar. Axı, nəyisə inkar etmək üçün bir elmi əsas olmalıdır. Bir qrup insanları da qınamıram. Çünki illər ərzində səhiyyəmizdəki boşluqlar, problemlər, səhvlər insanlarda inamsızlıq da yaradır. Yəni, inanmayanların bir hissəsi də həmin insanlardır. Səhiyyədəki bu problemləri aradan qaldırmağa çalışmalıyıq.

 

- Bildiyimiz kimi, vaskinasiya könüllüdür. Məsələn, xaricə səfər, tədbir, konfranslara gedən zaman vaksinasiya olunan və olunmayanlar nə ilə fərqlənəcək? Vaksinasiya olunanlara xüsusi pasportun verilməsini düşünürlər?

 

- Bəli, bu məsələ ilə bağlı mən də müəyyən qədər məlumatlıyam. Bütün dünyada anti-peyvənd kampaniyaları var. Belə adddımlar atılması artıq qaçılmaz olur. Məsələn, birinin evində şəkərli diabet xəstəsi var, birinin evində yaşlı insan var. Ümumiyyətlə, cəmiyyətdə şəkərli diabet xəstələri çoxdur. Hətta, yanaşı xəstəlikləri olan insanların da sayı az deyil. Onlar bu virusa yoluxsalar, həyatlarını itirə bilərlər. Lakin başa düşməyən və düşmək istəməyən insanların ucbatından həmin xəstələrin həyatı riskə girmiş olur. Düzdür, biz başa salmağa çalışır, maarifləndiririk. Ancaq bəzi insanlar qəbul etmək istəmədikləri zaman artıq başqa tədbirlərə əl atmaq da qaçılmaz olur.

 

Məsələn, mən vaksin olunmasam, yalnız özüm üçün təhlükə yaratmış oluram. Əgər belə olmuş olsaydı, könüllü olmasına mən də bir söz deməzdim. Amma biri də var ki, mən vaksin olunmaq istəmirəm, vaksin olunmuram, özüm də yoluxuram və başqalarını da yoluxdurmuş oluram. Ona görə də cəmiyyət üçün öhdəliklərimiz var. Əgər mən hər hansı bir adada təkbaşına yaşasam, heç bir peyvənd etdirmərəm, özüm bilərəm. Amma sənin peyvəndlənməməyin başqalarına təhlükə yaradırsa, bunu dərk etmək və anlayış göstərmək lazımdır.

Müəllif: Ülviyyə Şahin