O tapıldı, amma ölü

Cəmiyyət

15.12.2019 - 00:01

Hamı təəccüb, təəssüf və tərəddüd içində...

 

Aşiq məşuqun əllərindən tutub, ona heyranlığını ifadə edir: “Mən sənin gözlərində səadətimi görürəm. Özümü, keçmişimi, bu günümü, gələcəyimi görürəm. Mən sənin gözlərində dünyanı görürəm".

 

Bu əsnada, tövşümüş halda yaşlı bir kişi yaxınlaşır gənclərə: “A bala, keçimi itirmişəm, bir bax, onu da görə bilirsənmi?!"

 
İtirdiyimiz çox şey var bu məmləkətdə. İtirib-axtardığımız, itirib-axtarmadığımız, itirib-fərqində olmadığımız çox şey. Saymağa başlasaq, gərək işi-gücü buraxaq, onda da işi itirəcəyik – bir WANTED (axtarılır) daha..!

 
Ona görə qısılıb bir küncə, heç olmamış kimi olanlardan ya da əvvəl olub, indi olmayanlardan danışmaq imkanımız var. Bir az da küncə qısılsaq: Qismən olub, tamamən olmayanlardan.

 
Məsələn, indi dilə (qələmə) gətirəcəyim AD (ZAT) kimi. O, ən azı son 20 ildə mətbuatın (və mətbuat vasitəsilə cəmiyyətin) qəhrəmanı idi. Əldən çıxan onun üstünə qaçırdı, sualı olan ona baxırdı, doğru yolu tapmaq istəyən onu axtarırdı, jurnalistlər camaata onun sözünü çatdırırdı...

 
Sonra nə oldusa, onu itirdik. Qeyb oldu. Zaman-zaman, orda-burda haqqında nələrsə eşitdik və eşitdiklərimizə inanmadıq, inanmaq istəmədik. Çünki o, başqaydı.

 
Və bir gün kimsə qaça-qaça gəlib dedi ki, “onu gördüm”. Hamı başına toplaşdı: “Harda, nə vaxt, necə gördün?”

 

Şahid uzun-uzun nəfəs dərdikdən sonra gördüklərini anlatmağa başladı:

 
- Əksini nağıl etdiyi siyasi nəzəriyyələri əzbərlədiyini gördüm;

 

- İqtisadiyyatı "yaxşılaşdırdığını" gördüm;

 

- Mülki geyimin altındakı uniformaya əl basdığını gördüm;

 

- Onu tanıdan, məşhurlaşdıran mətbuata “üz verməyəcəyinə" dair "sədaqət andı" içdiyini gördüm;

 

- Vaxtilə nöqsanlarını aləmə car çəkdiyi sistemlərə (məsələn, təhsil, səhiyyə, nəqliyyat, polis və s.) “qırılmaz tellərlə” bağlandığını gördüm;

 

- Yeni patrona yaltaqlıq notunu dərc etmədiyi üçün, illərlə sığındığı medianı “təhrifdə” ittiham etdiyini gördüm;

 

- Əməkdən əməkliliyə qədər, haqdan hüquqa qədər, hüquq müdafiəçiliyindən mandat keşikçiliyinə qədər... nələrə qadir olduğunu gördüm...!

 

- Şeyi gördüm...

 

"Bəziləri yadımdan çıxdı. Xatırladıqca, dilə gətirəcəm", - dedi şahid.

 
Və gördüyünü gördükdən, danışdığını nəql etdikdən sonra dərindən nəfəs aldı. Əllərini dizlərinə dayayıb başını aşağı saldı. Susdu...

 

Ətrafdakı insanların üzlərindəki ifadə isə birmənalı deyildi: Təəccüb, təəssüf, tərəddüd...

 

Axı, o, belə olmalı deyildi. O, belə olmalı deyil! O, belə olmamalı!!

 

... Yaşlı bir kişi sükutu pozdu - boğazını arıtlayaraq. Əlini saqqalında gəzdirib, dodağının altında "Fatihə" kimi nəsə oxudu. Sonra da üzünü camaata tutub dedi ki:

 

"Əgər şahidin gördükləri doğrudursa, Allah sənə rəhmət eləsin, ay EKSPERT(lər)"!!!

Müəllif: Tural Talehoğlu