Koronadan sonra…

Maraqlı

10.04.2020 - 16:58

Hamının ağlında bir gözlənti var

 

ABŞ 2 trilyon dollar, Almaniya 750 milyard avro, İngiltərə 330 milyard funt-sterlinq və Çin 4 trilyon yuan. Bu ayrılan pullar COVID-19-un iflic etdiyi iqtisadiyyatı dirçəldə biləcəkmi?

 

Pandemiya cəmi 2 aya Qərbin iqtisadi durumunu 2008 böhranından daha sərt vurdu. Ancaq bu səfər qurban banklar və maliyyə sektoru deyil. Koronanın əsl dağıdıcı zərbəsi real sektor və işini itirən küçədəki insana dəydi.

 

Hər axşam ekran qarşısına keçən insanlar əvvəlcə virusdan ölənlər və xəstəliyə yoluxanların sayını izləyir, sonra da çökmüş psixologiyası ilə dünya iqtisadiyyatının çabalama xəbərlərini seyr edir. Bəs, bu ayrılan astronomik vəsaitlər, açıqlanan dəstək paketləri beli bükülmüş real iqtisadiyyatın belini dikəltməyə yetərli olacaqmı? İşlərini itirmiş milyonlarla insan təkrar iş tapa biləcəkmi?

 

Hamının ağlında, dilində bir gözlənti var: "Koronavirus ilin ortasına kimi bütün dünyada kontrol altına alınacaq, gələn il isə virusun peyvəndi çıxacaq". Bu istək, arzu həyata keçərsə, 2020 dünya üçün itirilmiş bir il olacaq, ancaq 2021-dən qlobal iqtisadiyyat dirçəlməyə başlayacaq.

 

Bu yazdıqlarımın həyata keçmə ehtimalı nə dərəcədə yüksəkdir? Bu pozitiv yanaşma üçün əlimdə nə kimi bilgilər var? Bunlara cavab vermək üçün bir az da gözləyib, baxmaq lazımdır.

 

ABŞ-ın "koronavirusun episentri"nə çevrilməsi ilə dünyanın lideri rolundakı ölkənin hansı çətinliklərlə üzləşəcəyini indidən təxmin etmək asan deyil. Odur ki, gəlin, əvvəlcə özümüzü qoruyaq, "evdə qalaq", bu müsibətdən az zərərlə çıxaq və ancaq bundan sonra iqtisadi dağıntılarımıza indekslənək…

Müəllif: İbrahim Nəbioğlu

Ramanada faciə

Dünən, 17:26 Hadisə