Yüzlərlə insanın sağlamlıq məqsədilə aldığı "sehrli" kartlar əslində ziyanlı imiş
Tailandda bütün xəstəliklərin dərmanı adı ilə satılan sehrli kartların yüksək dərəcədə radiasiya yaydığı məlum olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, “Expert Pro Network” adlı şirkət tərəfindən istehsal olunan bu “sehrli” kartlar yüzlərlə insan tərəfindən satın alınıb.
Khon Kaen bölgəsinin şimal-şərqindəki qəsəbədə yaşayan insanlar bu kartlardan xəstlikləri müalicə etmək üçün istifadə edirlər. Onlar kartları bədənlərinin müxtəlif nahiyələrinə yapışdırır, içdikləri sulara batırırlar.
Tailandın Nüvə Araşdırmaları Mərkəzinin açıqladığı məlumatda bu kartların bir hissəsinin radiasiya yaydığı bildirilir. Kartlarda olan radiasiya miqdarı insan orqanizminə təhdid törədəcək qədər çoxdur.
Nüvə Araşdırmaları Mərkəzi insanların bu kartları istifadə etmələrinin həyati təhlükə daşıdığını, buna görə də kartların istifadəsindən imtina etməli olduqlarını bildirib.
Tailandlı kimyaçı Weerach Phutdhawongun paylaşdığı bir şəkildə kartların üzərində Tailand dilində “sehrli kart” yazıldığı müşahidə olunur. Eyni zamanda, kartların üzərində “sağlamlıq, enerji, elektrik” şüarının da yer aldığı görünür.
Qeyd edək ki, kartları istehsal edən şirkət məhsulun üzərində sağlamlığa faydalı olduğu barədə heç bir məlumat yerləşdirməyib.