Komendant saatını pozan Prezident üzr istədi

Dünya

25.05.2020 - 15:48

“Restoranda söhbət edərkən vaxt itirdik”

 

Avstriya prezidenti Aleksander Van der Bellen ölkəsindəki koronavirusla bağlı komendant saatını pozduğu üçün üzrxahlıq çıxışı edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Van der Bellen şənbə günü gecə saat 11-dən sonra bir restoranda qalıb, beləcə komendant saatını keçib.

 

"Mən iki dost və həyat yoldaşımla karantindən bəri ilk dəfə çölə çıxmışdım. Restoranda söhbət edərkən vaxt itirdik. Səmimi olaraq üzr istəyirəm. Səhv olub", Prezident bu barədə öz sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edək ki, mayın 15-dən etibarən Avstriyadakı restoranların açılmasına icazə verilib. Lakin restoran, kafelər bir sıra sosial uzaqlaşma, məhdudiyyətlər nəzərə alınmaqla yalnız  axşam saat 11-ə qədər işləməlidir.

 

Prezidentin olduğu restoran da komendant saatını pozduğu üçün cəzalandırıla bilər. Amma Avstriya Prezidenti məsuliyyəti öz üzərinə götürüb.

 

Maraqlısı odur ki, Prezidentin davranışını müdafiə edən insanlar çoxluq təşkil edir. Ölkə rəhbərinin istisna şəxs olduğunu vurğulanır.

Müəllif: Ayna.az