Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Xəbərlər

16.10.2020 - 10:46

İxtisas seçimi oktyabrın 16-dan 19-dək internet vasitəsilə aparılır

 

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə oktyabrın 16-dan 19-dək ixtisas seçimi aparılacaq. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

 

DİM-dən bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Tam orta təhsil səviyyəsini Azər­baycan Respub­lika­sının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər mü­sabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 

İxtisas seçimi oktyabrın 16-dan 19-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını bu internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Müəllif: Ayna.az