Kiyev və Odessaya PUA-larla hücum edilib

Dünya

07.11.2024 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

PUA qalıqları mülki obyektlərə ziyan vurub, yaralananlar olub

Noyabrın 7-nə keçən gecə Rusiya hücum pilotsuz təyyarələri (PUA) ilə Kiyev və Odessaya hücum edib. AYNA-nın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, üçdən çox rus PUA-sı məhv edilib.

Məlumata görə, hücum müxtəlif istiqamətlərdən dalğalar şəklində baş verib. PUA-lar Kiyevə həm çox aşağı, həm də əhəmiyyətli yüksəkliklərdə daxil olub. Kiyevdə hava hücumu xəbərdarlığı səkkiz saat davam edib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, vurulan Rusiya PUA-larının qalıqları paytaxtın altı rayonuna düşüb. Solomenski rayonunda bir müəssisənin ərazisindəki anbar yanğına məruz qalıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, xəsarət alan şəxs müəssisənin ərazisindən xəstəxanaya yerləşdirilib. Həmçinin Solomenski rayonunda PUA qalıqları tibb mərkəzinin ərazisinə düşüb.

Kiyevin Peçerski rayonunda yaşayış binasının 33-cü mərtəbəsində yerləşən restoranda yanğın baş verib. Yanğın sahəsi 50 kvadratmetr olub. 34-cü texniki mərtəbənin konstruksiyaları qismən dağılıb. Xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

Odessada pilotsuz təyyarənin hücumu nəticəsində yaşayış binasına ziyan dəyib. Yerli “Telegram” kanalları doqquz mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğının videolarını dərc ediblər. Binanın bütün pəncərələrinin sındıdığı bildirilir. Bundan başqa, bir neçə avtomobilə də ziyan dəyib. Ən azı bir nəfər yaralanıb.

Müəllif: Ayna.az