Kasparov, Qudkov, Çirikova və Tyutrin Rusiyada qiyabi həbs olunublar

Dünya

25.04.2024 - 12:40

Sıktıvkar Şəhər Məhkəməsi həbs qərarı çıxarıb

Sıktıvkar Şəhər Məhkəməsi şahmat üzrə çoxsaylı dünya çempionu Harri Kasparovu, Rusiya Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkovu, keçmiş ekoloji fəal Yevgeniya Çirikovanı və müxalif siyasətçi, Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrini qiyabi həbs edib.

AYNA rus mediasına istinadən bildirir ki, məhkəmənin Mətbuat Xidmətinin yaydığı məlumata görə, onlar barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət saxlanıldıqları və ya xarici dövlət tərəfindən Rusiya hakimiyyətinə verildiyi andan hesablanır.

Rusiya Federasiyasında “xarici agent” kimi tanınan və “ekstremistlər və terrorçular” siyahısına daxil edilən Kremlin əleyhdarları “terror cəmiyyəti yaratmaqda, onun rəhbərliyində, terror fəaliyyətini maliyyələşdirməkdə və onlara ictimai bəraət qazandırmaqda” ittiham olunurlar. İş FSB-nin Komi üzrə departamentinin materialları əsasında başlanıb. Əlavə təfərrüatlar məlum deyil.

Kasparov, Qudkov, Çirikova və Tyutrin Rusiya Federasiyasından kənarda yaşayırlar. Fevralda onların hamısı Vilnüsdə keçirilən Azad Rusiya Forumunda iştirak ediblər. Fevral və mart aylarında onlar “Rosfinmonitoring”in “ekstremistlər və terrorçular” siyahısına, daha əvvəl isə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin “xarici agentlər” reyestrinə daxil ediliblər.

2016-cı ildə Kasparov və Tyutrin tərəfindən təsis edilən Azad Rusiya Forumu Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “arzuolunmaz təşkilat” kimi tanınıb.

Müəllif: Ayna.az