Karantin xoşbəxtliyə əngəldirmi: “Məhərrəm ayınadək qadağa götürülməsə...”

Cəmiyyət

26.06.2020 - 15:45

Bəzi cütlüklər hesab edir ki, xoşbəxt olmaq üçün böyük mərasimə ehtiyac yoxdur

 

Bildiyimiz kimi, karantin rejimi tətbiq ediləndən bu günə şadlıq evlərinin fəaliyyəti dayandırılıb. Ara-sıra qadağalar yumşaldılsa və bəzi müəssisələrin açılmasına imkan verilsə də, şadlıq evlərinin fəaliyyət göstərməsi ilə bağlı qadağa qüvvəsində qalır.

 

Evlənmək istəyən, evlənməyə hazırlaşan və ya karantindən əvvəl şadlıq evlərində gün razılaşdıran cütlüklərin toyları təxirə salınıb və onlar səbirsizliklə karantinin bitməsini, restoranaların fəaliyyətini bərpa etməsini gözləyirlər. Lakin bu cütlüklər arasında qadağanın aradan qalxmasını gözləməyib, rəsmi nikaha daxil olanlar da az deyil.

 

Ədliyyə Nazirliyindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin may ayı ərzində qeydiyyat orqanlarında 1615 nikah qeydə alınıb. Bu evlilik halları daha çox Nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində rəsmiləşdirilib.

 

Qeyri-rəsmi və ya dini kəbinlə nikaha daxil olanların statistikası üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət etdik. Qurumun mətbuat xidmətindən AYNA-a verilən məlumata görə, QMİ rəsmi nikah olmadan kəbinə daxil olmağa icazə vermir: “Kəbin üçün öncə rəsmi nikah tələb olunur. Rəsmi nikah olmadan, qeyri-rəsmi olaraq kəbin kəsilirsə, bunu edənlər QMİ idarəçiliyində olmayan, qeyri-rəsmi fəaliyyət göstərən din xadimləridir. Buna isə biz cavabdehlik daşımırıq. Ədliyyə Nazirliyində qeyd olunan rəsmi statistika ilə QMİ statistikası eynilik təşkil edir”.

 

İndi isə gəlirik karantinin aradan qaldırılmasını gözləyə bilməyən və rəsmi nikaha daxil olan cütlüklərin hekayələrinə.

Xəyalə Əziz və Sübhi Fərəcov cütlüyü, hamı kimi, karantinin nə zaman aradan qalxacağını bilmir: “Milli Məclisdə də hazırda toylarla bağlı müxtəlif təkliflər səslənir. Qarışıq fikirlərin arasında itib-batmırıq. Təmkinliyik, hələ ki, gözləyirik. Amma Məhərəm ayına 10 gün qalmışa qədər gözləyəcəyik, fikir ayrılıqları və qadağalar hələ də davam etmiş olsa, ev içində, sadəcə 2 ailə ilə (cəmi 10 nəfər) yığışıb qeyd edəcəyik. Fikrimizcə, xoşbəxt olmaq üçün böyük mərasimə ehtiyac yoxdur, kiçik yığıncaqla da sevincə şərik tapmaq olar”.

 

Qeyd edək ki, Fərəcovlar bir müddət əvvəl rəmsi nikaha daxil olublar.

İmran Əli Qurban və Gülşən Şərif cütlüyü isə qeyd edir ki, pandemiya dövrü başlayandan toy mərasimlərinin az adamla keçirilməsini təklif edənlərin sayı çoxalıb: “Əslində bu təklifə yanaşmamız birmənalı deyil. Çünki elə nəsil var ki, yaxın qohumların sayı çoxdur və onları toya dəvət edərkən ayrı-seçkilik etmək doğru olmaz. Bu baxımdan kiçik mərasimlə ev şəraitində toy təşkil edilməsini o qədər də dəstəkləmirik. Toyumuz karantinlə əlaqədar iki dəfə təxirə salınsa da, ev şəraitində qonaqlıq şəkilində keçirilməsini də istəmirik. Ona görə yox ki, toy anlayışımız mütləq şəkildə 400-500 adamın bir restorana yığılmasından ibarətdir. Sadəcə toy mərasimlərinin keçirilməsi ilə bağlı daha ciddi dəyişikliklərə ehtiyac var. Toy mərasimləri ilə bağlı mütləq şəkildə dəyişiklik edilməlidirsə, bu, yemək və bir sıra adətlərin ləğvi ilə bağlı ola bilər. Çünki mental dəyərlərə zidd olan adət-ənənələrimiz də az deyil”.

 

İmran Əli Qurban və Gülşən Şərif cütlüyü də rəsmi nikaha daxil olub.

Müəllif: Ülviyyə Şahin