Kafe-restoran sahibləri öz başlarına çarə qılmalı olacaqlar

Cəmiyyət

13.08.2020 - 14:22

Hökumətin bu tip müəssisələrin dirçəlməsi üçün hansısa addımlar atacağı gözlənilmir

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 7 avqust 2020-ci il tarixində keçirilən mətbuat konfransı zamanı bldirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda, avqustun 17-dən etibarən restoran və açıq ərazisi olan kafelərin fəaliyətinin bərpası ilə bağlı müzakirələrin aparılır.

 

Xəbəri AYNA-ya şərh edən Milli Kulinariya Mərkəzinin (MKM) rəhbəri Tahir Əmiraslanov hesab edir ki, kafe və restoranların fəaliyyətinə icazə verməzdən əvvəl onların işləməsi üçün şərait yaratmaq lazımdır: “Rəsmilər bu gün ictimai iaşə obyektləri sahiblərinin işçilərini işdən çıxarmasnı qadağan edir və obyekt sahiblərindən onların əməkhaqlarının tam ödənilməsini tələb edirlər. Bununla yanaşı, hökumət pandemiya vəziyyətində işləməyə başlayan restoran və kafelərin sahiblərinin əvvəlki kimi yüksək gəlir əldə edə bilməyəcəyini nəzərə almır”.

 

“Bundan əvvəl Azərbaycan ildə üç milyona yaxın turist ziyarət edirdi. Lakin koronavirusun yayılması turizm sənayesini də çökdürdü. Pandemiya, həmçinin əhalinin gəlirlərinin azalmasına səbəb oldu. Buna görə restoran və kafe sahibləri obyektlər açılan kimi ziyarətçilərin sayının çox olacağına inana bilmirlər”, - müsahibimiz deyib.

 

O, avqustun 7-də keçirilən və özünün də fəal iştirak etdiyi İslam Kulinariya Konqresinin videokonfransını xatırladıb: “Videokonfrans zamanı, hətta Səudiyyə Ərəbistanı kimi varlı bir dövlətin nümayəndələri də ziyarətçilərin az olması səbəbindən restoranları bağlamalı olduqlarını söylədilər”.

 

Əmiraslanovun fikrincə, dövlət kafe və restoran sahiblərinə yardım göstərməlidir: “Digər müəssisələr kimi yemək industriyası obyektlərinin sahibləri də qaz, elektrik və su üçün pul ödəməlidir. Düşünürəm ki, dövlət kafe və restoranlarda işləyənlərin iş yerlərini qorumaqda maraqlıdırsa, onda bu obyektlərdən də qaz, elektrik və su üçün ödənişləri adi abunəçilərin ödədiyi tariflə almalıdır. Bundan əlavə, dövlət, ən azı ilkin dövr üçün kafe və restoran işçilərini minimum əməkhaqqı ilə təmin etməlidir. Yalnız bu yolla belə müəssisələrdə iş yerlərinin qorunub saxlanacağına ümid etmək olar”.

 

İstehsalçılar və Ticarətçilər İctimai Birliyinin rəhbəri Sevgim Rəhmanov isə AYNA-ya deyib ki, kafe-restoran sahibləri dövlətin dəstəyinə ümid etməməlidirlər: “Dövlət orqanlarının hər hansı bir proqramı qəbul edəcəyini düşünmürəm”.

 

Azərbaycan hökümətinin kafe və restoran sahiblərinə yardım etmək niyyətində olub-olmadığını öyrənmək üçün AYNA Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova müraciət edib. Və o, belə müəssisələrin sahibləri üçün dövlət yardımı proqramının olub-olmaması barədə məlumatlı olmadığını söyləyib.

 

PS: Xatırlatmaq istərdik ki, Azərbaycanın qonşu dövlətlərində hökumət koronavirusun yayılması fonunda vətəndaşların iş yerlərini qorumaq üçün hər cür səy göstərir. Və bu addımlar müəssisə rəhbərlərinə yönəlik adi qadağa ilə məhdudlaşmır, sahibkarlara hər cür yardım edilir ki, insanlar iş yerlərini itirməsinlər və müəssisələr tam olaraq öz iş tempini bərpa edə bilsin.

Müəllif: Rəşad Rüstəmov