İsraillilər əməliyyatlara ediraz edirlər: Baş nazirin Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurulub
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinə hücuma keçib. “Axios” portalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio İsrailin əməliyyatını dəstəkləsə də, onun mümkün qədər tez başa çatdırılmasına çağırıb.
İsrail ordusu əməliyyatın ilk 20 dəqiqəsində Qəzzaya 37 zərbə endirib. Zərbələr silsiləsində helikopterlər də iştirak edib. Şəhər sakinləri bildiriblər ki, İsrail hərbçiləri partlayıcılarla dolu robotlardan istifadə ediblər. Bundan əlavə, helikopterləri havada dövrə vurub, vaxtaşırı atəş açıb.

Anklavda hərbi əməliyyatlar zamanı İDF-nin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında 60-dan çox adamın yaralandığı bildirilib. Qəzza şəhərində bir neçə yaşayış binası və ən hündür qüllə də zərər görüb.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin şəhərin şimalındakı bir evə endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər həlak olub.
İsrail ordusunun əməliyyatına etiraz edənlər Baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurublar. “Ynet” portalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Baş nazirin iqamətgahından 300 metr radiusda ərazini mühasirəyə alıblar. Bəzi məlumatlara görə, Netanyahunun özü binada olmayıb.
Ötən həftənin əvvəlində İsrailin Baş naziri Netanyahu Qəzza zolağındakı bütün mülki əhalini öz ərazisini tərk etməyə və cənuba humanitar zonalara getməyə çağırmışdı.
Avqust ayında baş nazirin Qəzzanı işğal etmək planlarına görə Təl-Əviv və İsrailin digər şəhərlərində də etiraz aksiyaları keçirilib. “Times of Israel”in məlumatına görə, həmin vaxt minlərlə israilli küçələrə çıxıb. Etirazçılar arasında Qəzzada qalan girovların valideynləri də var. Onlar Netanyahunun əməliyyatının yaxınları üçün “ölüm hökmü” olacağına inanırlar. Ən böyük etiraz aksiyası ən azı 10 min insanın iştirak etdiyi Təl-Əvivdə olub.