İsrail İranın nüvə obyektlərini vura bilər

Dünya

14.04.2024 - 21:12

İsrailin hərbi-siyasi kabineti müzakirələr aparacaq

İsrailin hərbi-siyasi kabineti dünən gecə baş vermiş raket hücumuna cavab olaraq İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə edəcək. AYNA xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və keçmiş müdafiə rəisi Benni Qantz İrana qarşı cavab tədbirlərini müzakirə etməyə başlamağı planlaşdırırlar.

“Al Mayadeen” telekanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın Baalbek şəhərinin kənarına raket zərbələri endirib. Zərbə Livanın hərbiləşdirilmiş Hizbullah təşkilatına məxsus obyektə endirilib.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini bildirmişdi.

Öz növbəsində Prezident Administrasiyasının və Pentaqonun yüksək rütbəli rəsmiləri NBC telekanalına bildiriblər ki, Vaşinqton İsrailin mümkün nəticələrini düşünmədən İrana qarşı qisas ala biləcəyindən narahatdır.

İsrail ordusunun məlumatına görə, ötən gecə İran İsrailə 170-dən çox pilotsuz uçuş aparatı, 120 ballistik raket və 30 qanadlı raket atıb. Onların əksəriyyəti zərərsizləşdirilib.

Müəllif: Ayna.az