İsrail HƏMAS ilə müvəqqəti atəşkəsə hazırdır – Baş nazir açıqladı

Dünya

05.05.2024 - 20:11

Netanyahu: “İsrail müvəqqəti atəşkəsə hazırdır, amma yenə də HƏMAS-ı məhv edəcək”

İsrail Qəzza zolağından israilli girovların azad edilməsi müqabilində Fələstinin radikal HƏMAS hərəkatı ilə müvəqqəti atəşkəsə hazırdır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail oğurlananlarımızı azad etmək üçün hərbi əməliyyatları dayandırmaq üçün razılıq əldə etməyə hazır idi və hazırdır”, - deyə Baş nazir vurğulayıb.

Bununla belə, Netanyahu deyib ki, İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ı tamamilə məhv etməkdən imtina etmir.

Baş nazir bildirib ki, Tel-Əviv girovların geri qaytarılması ilə bağlı razılığa gəlmək üçün son bir neçə həftə ərzində gecə-gündüz işləyir.

Daha əvvəl Netanyahu demişdi ki, İsrail sülh danışıqlarından sonra Qəzza zolağının HƏMAS-ın nəzarətinə qaytarılmasına razı olmayacaq. Onun sözlərinə görə, belə bir nəticə olarsa, hərəkat yaraqlıları israillilərə qarşı terroru davam etdirmək üçün bunkerlərindən çıxıb hərbi infrastrukturlarını bərpa edəcəklər.

Müəllif: Ayna.az