Vüqar Nəbibəyli: “İstehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil”
Bu gün “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli mətbuat konfransı keçirib. AYNA-nın xəbərinə görə, Nəbibəyli son vaxtlar sayğaclara müdaxilə, işıq sərfiyyatına görə ödənməli olan məbləğin çox gəlməsi məsələlərinə aydınlıq gətirib.
“Azərişıq” rəsmisi deyib ki, son vaxtlar sosial şəbəkələrdə iyun ayı üzrə enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir: “Belə bir şikayət 2018-ci ildə də edilmişdi. Araşdırmalar aparılıb, məlumat verilmişdi. Bu gün “Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət göstərir. Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerji sərfiyyatında çoxalma müşahidə edilir. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb”.
“Sayğaclara heç bir kənar müdaxilə edilmir. Sayğacların ölçü parametrlərini, o cümlədən, istehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil. İnformasiya sisteminə isə kənar müdaxilə müzakirə mövzusu ola bilməz. Hər bir abonentə hesabat dövrü ərzində elektron və çap şəklində bildirişlər təqdim edilir. Burada hər bir sayğac üzrə istifadə olunmuş elektrik enerjisi göstəricisi təqdim olunur. Sosial şəbəkələrdə müzakirə olunan məsələlər əsassızdır”, - deyə Nəbibəyli qeyd edib.