İrəvandakı aksiyalarda 42 nəfər həbs olunub

Dünya

10.12.2020 - 16:47

Etirazçılarla polis arasında qarşıdurma yaşanıb

 

Ermənistanda keçirilən etiraz aksiyalarının iştirakçısı olan 42 fəal İrəvanın polis bölmələrinə aparılıblar. AYNA erməni mətbuatına istinadən bildirir ki, bu barədə polis rəisi Zarzand Qabrielyan məlumat verib.

 

“Bu, son məlumatlardır. Artıq yayımlanan məlumatlar var, lakin nə qədər olduğunu deyə bilmərəm”, - deyə Qabrielyan vurğulayıb.

 

Onun sözlərinə görə, saxlanılanlar barəsində inzibati xəta haqqında akt tərtib etdikdən sonra sərbəst buraxılıblar.

 

Qeyd edək ki, bu gün səhər saatlarından erməni müxalifətinin fəalları Nazirlər Kabinetinin iclasının keçirildiyi hökumət binasının qarşısına toplaşıblar. Fəallarla polis arasında toqquşma olub. Bundan sonra fəallar zorakılıqla saxlanılaraq, polis idarələrinə aparılıblar.

 

Xatırladaq ki, noyabrın 10-da Qarabağla bağlı Ermənistan, Rusiya və Azərbaycan liderlərinin birgə bəyanatından sonra Baş nazir Nikol Paşinyana qarşı aksiyalar başlayıb. Erməni müsaxlifəti Paşinyanı xəyanətdə ittiham edərək, onu istefaya səsləyirlər.

Müəllif: Ayna.az