“Faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verilməyəcək”
İran hökuməti ölkə Prezidenti Seyid İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb. AYNA xəbər verir ki, bu barədə bəyanat “Mehr” agentliyində dərc olunub.
Hökumət əmin edib ki, “faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər”.
Nazirlər Kabineti həmçinin Rəisini dövlət başçısı kimi tərifləyib: “O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millət naminə qurban verdi”.
Bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl-Haşimi də təyyarə qəzasından sağ çıxa bilməyiblər.
İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ölkədəki seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək.