İlham Əliyev: “Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”

Xəbərlər

03.05.2021 - 14:22

“Biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik”

 

“Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq sahələri indi bir çox istiqamətləri əhatə edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük irəliləyiş əldə etdiyimiz sahələrə və fəal əməkdaşlığın ilkin mərhələlərində olduğumuz bəzi sahələrdə hansı işləri görə biləcəyimiz məsələsinə yetirməliyik”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən deyib.

 

Ölkə başçısı qeyd edib ki, beynəlxalq təşkilatlarda tərəfdaşlığımız baxımından bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik: “Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir”.

 

“İkitərəfli münasibətlərə gəldikdə əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram”.

Müəllif: Ayna.az