İdman qazandırır, amma: Kaş, futbolumuz haqda da belə optimist olaydıq...

İdman

27.07.2021 - 23:10

“Dövlət bu sahəyə milyonlarla vəsait ayırır, bu vəsait təyinatı üzrə xərclənmir və inkişaf əvəzinə tənəzzül baş verir”

 

COVID-19 pandemiyası səbəbindən ötən il ərzində heç bir böyük idman tədbiri keçirilmədi. Hətta Formula 1, Avro-2020, Tokio-2020 olimpiya oyunları təxirə salındı. 2021-ci ilin əvvəllərindən başlayaraq artıq bir çox böyük idman yarışları tamaşaçısız, karantin qaydalarına riayət etməklə keçirilməyə başladı. Azərbaycanda da keçən il ləğv edilən Formula 1 və Avro-2020-nin 4 oyunu baş tutdu.

 

Mövzunu AYNA-ya şərh edən idman yazarı Natiq Muxtarlının sözlərinə görə, Avropa çempionatının 4 oyununun burada keçirilməsi Azərbaycan idmanının, o cümlədən futbolun inkişafına hec bir təsiri olmayacaq: “Bu, sırf marketinq işi idi ki, təəssüflər olsun, pandemiya istənilən nəticəni əldə etməyə imkan vermədi. Futbolumuzun dərdi tam başqadır. İdarəçi dərdidir dərdimiz. Azərbaycan futbol təsərrüfatına 13 ildir ki, eyni adamlar rəhbərlik edirlər. Onların futbolun inkişafı ilə bağlı strategiyaları, planları olmayıb bu illər ərzində. Dövlət milyonlar ayırıb futbol təsərrüfatına. Amma bu milyonlar təyinatı üzrə xərclənmədiyi üçün futbol təsərrüfatında inkişaf əvəzinə tənəzzül olub nəsibimiz”.

 

Həmsöhbətimiz deyib ki, futbolun inkişafı üçün ilk addım indiki AFFA rəhbərliyinə alternativlərin tapılmasıdır: “Tapılmayacaqsa, belə də davam edəcək. Eyni tendensiya bütövlükdə idman təsərrüfatına da aiddir. Gənclər və İdman Nazirliyində, federasiyalarda uzun illərdir ki, eyni şəxslər işləyirlər. Problem bəlli, onu yaradan səbəb də bəlli. Bu səbəbi aradan qaldırıb problemi həll etmək də asandır”.

 

“Təəssüf ki, bu asan iş görülmür. Elə ona görə də Azərbaycanda nə qədər böyük yarışlar keçirilsə də, bunun idmanın inkişafına və populyarlığına heç bir təsiri yoxdur. Azərbaycanın futbol çempionatında 8 komanda çıxış edir. Qorxuram ki, Avropa çempionatından sonra komandaların sayı 6-ya ensin. Bu da olsun Avropa çempionatının bizə “xeyri””, - deyə Muxtarlı əlavə edib.

 

Aydın məsələdir ki, beynəlxalq idman yarışlarının keçirilməsi ölkənin dünyada tanınmasına, imicinə təsirsiz ötüşmür. Bu mənada PR mütəxəssisi Vüqar Baba AYNA-ya açıqlamasında söyləyib ki, Avropa çempionatının bir neçə oyununa ev sahibliyi etmək Azərbaycanın, Bakı şəhərinin ilk növbədə Avropada, daha sonra dünyada tanınmasına kömək edir: “Həmçinin, ev sahibi olan şəhərlər və ölkələr bu ərəfədə Avropa mediasının gündəmində olur, bu yerlər, onların coğrafi, mədəni, sosial, iqtisadi cəhətləri barədə reportajlar, sujetlər, yazılar hazırlanır, yayımlanır. Azərbaycan və Bakı haqqında da bir çox ölkələrin KİV-ində onlarla material yayımlanır”.

 

“Həmçinin Formula 1 və digər mötəbər yarışlarda da belə olur. Bunlar hamısı ölkə barədə məlumatsızlığı azaldır, müxtəlif stereotipləri qırır, imicinə müsbət təsir edir, turizm potensialını artırır. Və bir müsahibədə bütün nüansları sadalayıb detalları müzakirə edə bilməyəcəyimiz qədər çoxsaylı müsbət yan təsirləri var”, - deyə müsahibimiz vurğulayıb.

 

Dünyada tanınmanın əsas hədəfi siyasi dividend qazanmaq, geosiyasi proseslərdə iştirak hüququ qazanmaqdır. AYNA-ya şərhində politoloq Əziz Əlibəyli qeyd edib ki, adətən belə tədbirlər ölkənin nüfuzunun artırılması və dünyada tanınması üçün hesablanır: “İdman ən kütləvi siyasi vasitə kimi həmişə dünya tarixində önəmli rol oynayıb. Onun rolu təkcə oyun, idman mübarizəsi deyil, faktiki olaraq Azərbaycan üçün Vətən müharibəsindən sonra dünyada formalaşan ermənisevər əleyhdarlara da sillə kimi cavab oldu Avro-2020-nin 4 seçmə oyununun Azərbaycanda keçirilməsi”.

 

“İdman siyasətinin önəmli bir hissəsini sülh missiyası təşkil edir - o, müharibələrin əsas alternatividir. Torpaqlarını işğaldan azad edən Azərbaycanın dünyadakı sülhsevər üzü olaraq Bakıda keçirilən Avro-2020-nin oyunları xüsusi əhəmiyyət daşıdı. Arxa fonda erməni təsir qruplarından, lobbisindən faydalanan yüzlərlə blogerə, “Azərbaycana getməyin” deyə təbliğat aparan maraqlı tərəflərə Bakıdakı ab-havadan, yüksək səviyyəli xidmətdən razı qalan turistlərin idman sevgisi, onun ifadəsi və yarış aurası əsl cavab oldu”, - deyə Əlibəyli bildirib.

 

Analitik hesab edir ki, bütün dünya Azərbaycanı artıq başqa bir ölkə kimi – qalib, güclü və sülhsevər idman ölkəsi kimi də tanımaqdadır: “Kaş ki, eyni siyasətə futbolumuz da qürurlandırmaqla, adımızı dünya futbolunun şanlı səhifələrinə yazdırmaqla cavab verəydi. Qeyd edim ki, Formula 1 haqqında da eyni sözləri deyə bilərəm”.

Müəllif: Təranə Xudabaxşiyeva