Baş həkim: “14 gün sonra da simptomlar aşkarlanarsa…”

İdman

06.12.2020 - 22:51

“İdmançı virusdan tam sağalmasa, onun məşqlərə qayıtması doğru deyil” - Şaiq Zöhrablı

 

“Koronavirusa yoluxma futbolçuların sağlamlığına birbaşa zərbə vurmur, amma...” - Kənan Məstəliyev

 

Həkimlərin sözlərinə görə, koronavirus (COVID-19) infeksiyasıma yoluxmuş idmançının, bu xəstəlikdən sağaldıqdan sonra fiziki forması əvvəlki kimi olmaya bilər. Bu da nəticədə onun karyerasına ciddi təsir göstərmiş olar. Xüsusilə, futbolçular üçün bu virus daha təhlükəlidir. Çünki, virus ağciyərlərə çox ağır təsir göstərir.

 

“Neftçi” futbol klubunun baş həkimi Şaiq Zöhrablı AYNA-ya deyib ki, koronavirusa yoluxan idmançılarda sonradan problem yarana bilər: “Bunun baş verməməsi üçün xəstəliyin əlamətləri aşkarlanan kimi idmançı müayinə olunmalıdır. Əgər koronavirusa yoluxduğu aşkarlanarsa, o zaman ciddi şəkildə müalicəyə başlamaq lazımdır. İdmançı düzgün şəkildə müalicə olunarsa, onda heç bir əlamət qalmaz və əvvəlki formasına tez bir zamanda qayıda bilər. Yox, əgər idmançı düzgün müalicə olunmazsa, o zaman onun səhhətində ciddi problemlər yarana bilər ki, bu da birbaşa idman karyerasına ciddi təsir göstərmiş olar”.

Vəli Qasımov iki-üç gündən sonra evə buraxıla bilər | İnter Press

“Məsələn, idmançıda bərpa prosesi uzana bilər, həddindən artıq yorulmalar ola bilər, ağciyərlərin həyat tutumu normal olmaya bilər. Futbolçular da 90 dəqiqə qaçdıqları üçün onlarda yorulmalar, boğulmalar baş verə bilər. Nəticədə futbolçu meydançanı vaxtından tez tərk etməli olar və bu da onun gələcək karyerasına ciddi təsir göstərər. Ona görə də idmançı virusdan tam sağalmasa, onun məşqlərə qayıtması doğru deyil”, - müsahibimiz bildirib.

 

Zöhrablının sözlərinə görə, idmançı virusa yoluxandan sonra simptomsuz bu xəstəliyi keçirərsə, 14 gündən sonra müayinə olunmalıdır: “Onun səhhətində heç bir problem aşkarlanmazsa, artıq məşqlərə yavaş-yavaş başlaya bilər. Yox, əgər 14 gün sonra da futbolçuda simptomlar davam etsə, o zaman onun məşqlərə başlaması üçün ən azı 28 gün vaxt lazım olacaq”.

 

Baş həkim “Neftçi” idmançılarının koronavirusa yoluxub-yoluxmamasına da aydınlıq gətirib: “Bu günə kimi iki futbolçumuz virusa yoluxub və tam sağalıb. Hətta, məşqlərə də başlayıblar. Artıq onların səhhətində heç bir problem yoxdur. Yeni testləri pozitiv çıxan idmançıların isə məşqləri ev şəraitində davam etdirilir”.

 

Mövzunu AYNA-ya şərh edən idman şərhçisi Kənan Məstəliyev hesab edir ki, pandemiyanın yalnız Azərbaycan deyil, bütün dünya idmanına vurduğu zərbənin mənfi nəticələrini aradan qaldırmaq üçün hələ uzun illər lazım gələcək: “Ömrünü bu işə həsr etmiş milyonlarla şəxs faktiki olaraq çıxılmaz, əlacsız vəziyyətə düşərək ciddi böhranla üz-üzə qaldılar, qalmaqda da davam edirlər. Söhbət təkcə xəstəliyə yoluxma və onun səhhətə vurduğu zərbədən getmir. Olimpiya çempionu olmaq üçün mübarizə aparan bir idmançının nəinki bir həftə, nəinki bir gün, hətta bir məşq belə, buraxması onun perspektiv qələbəsinə böyük maneə sayılır. İndi həmin insanlar, az qala 9 aydır normal məşq keçə bilmirlər, hazırlıq səviyyələri sıfıra düşüb. İndi nə nəticə gözləyək?!”.

Sportal.az - Ölkə və dünya futbolu ilə bağlı xəbərlər

“Azərbaycanda bəzi idman növlərində yoluxma hallarının çox olması ilə yanaşı, bunun mənfi təsirini ölçmək də mümkünsüzə çevrilib. Məsələn, güləş və ya karate. Bəli, yoluxanlar var, az da deyil, amma onlar həm də sağalıblar, bu bəlanı arxada qoya biliblər. Ancaq bu müddətdə nə daxili, nə də beynəlxalq yarış keçirildiyindən, koronavirus probleminin ümumi duruma konkret necə təsir etdiyini müəyyən etmək olmur”, - mütəxəssis vurğulayıb.

 

Onun sözlərinə görə, bu barədə müəyyən fikir yürütməyə imkan verən idman növü futboldur: “Burada da yetərincə yoluxma halları müşahidə olunur. Siyahıda ən sıravi komandalardan tutmuş milli yığma üzvlərinin də adları var. Müşahidələrimə əsasən, deyə bilərəm ki, koronavirusa yoluxma futbolçuların sağlamlığına birbaşa zərbə vurmur. Ancaq meydanda nümayiş etdirdikləri performans aşağı düşür. Səbəb isə məşqlərdən uzaq qalma, lazımi formadan düşərək onu gec bərpa etmə, ya da ümumiyyətlə edə bilməməkləridi”.

 

“Futbol üzrə ölkə çempionatı ötən mövsüm yarımçıq dayandırıldığından, aradakı fasilə normadan uzun oldu və avrokuboklardakı təmsilçilərimiz uğursuzluğa düçar oldular. Ən güvənli yerimiz olan “Qarabağ” belə, hazırda qrup mərhələsində bir xal da qazana bilməyib. Bunların hamısı koronavirusun yan təsirləri, ortaya çıxan problemlərin nəticəsidir”, - deyə Kənan Məstəliyev əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva

Ramanada faciə

Dünən, 17:26 Hadisə