İctimai fəallar deputatlara qarşı: “Səsimizi kəsmək istəyirlər”

Cəmiyyət

07.06.2020 - 10:33

“Hakim partiya təmsilçilərinin sosial şəbəkələrə məhdudiyyət gətirmək istəklərinin arxasında söz və ifadə azadlığını boğmaq cəhdi dayanır”

 

Xəbər verdiyimiz kimi, Milli Məclisdə sosial şəbəkələrlə bağlı bəzi təkliflər səslənməyə başlayıb. Bir sıra deputatlar sosial mediaya qarşı sərtləşdirici tədbirlərin görülməsini tələb edirlər. Onların fikrincə, sosial şəbəkə aqressiv çağırışların, təhqiramiz fikirlərin məkanına çevrilib.

 

AYNA məsələyə gənc ictimai-siyasi fəalların gözü ilə baxmağa çalışıb.

 

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev hesab edir ki, təhqir, böhtan yolverilməz olsa da, bunu yaradan səbəblər də var: “Bəzən rəsmilərin verdikləri açıqlamalar insanlarda qıcıq yaradır, nəticədə aqressiv fikirləri meydana çıxır. Bunun qarşısını almaq üçün təbii ki, verilən bəyanatlar və ya açıqlamalar səmimi olmalıdır. Əks halda, sosial şəbəkələri bağlamaqla insanların susdurulması mümkün deyil”.

 

İctimai fəal Bəxtiyar Hacıyev də o fikirdədir ki, sosial şəbəkələri bağlamaqla narazı insanların səsini boğmaq doğru yol deyil: “Son günlər hakimiyyət və hakim partiya təmsilçiləri tərəfindən belə tələblər sıx-sıx səslənir. Onlar tələblərini belə əsaslandırırlar ki, sosial şəbəkələrdə anonim profillər tərəfindən təhqir və böhtana məruz qalırlar. Düşünürəm ki, bu, sosial şəbəkələrdəki tənqidi səsləri boğmaq üçün uydurulan bəhanədir. Hakim partiya təmsilçilərinin sosial şəbəkələrə məhdudiyyət gətirmək istəklərinin arxasında yalnız və yalnız söz və ifadə azadlığını boğmaq cəhdi dayanır”.

 

“Birincisi, ölkədə siyasi rəqiblərinə qarşı söyüş, təhqir və böhtana əl atan elə YAP özüdür. Yaxın günlərdə hakim partiyanın gənclər təşkilatı sosial şəbəkələrdə barəmdə təhqir və böhtan dolu yazılar yaymışdı. Partiya sədrinin müavini, partiyanın icra katibi ilə telefonla əlaqə saxlasam da, Əli Əhmədov bunun söz azadlığı olduğunu bildirib, onlara haqq qazandırdı. Cəmi bir gün sonra Əli Əhmədov sosial şəbəkələrdə böhtan və təhqirin yolverilməz olması barədə danışdı. Halbuki, kimin olsa da, Əhmədov başda olmaqla, hakim partiyanın bu barədə danışmağa mənəvi haqqı yox idi”, - deyə Bəxtiyar Hacıyev bildirib.

 

“İkincisi, müxtəlif səbəblərdən sosial şəbəkə istifadəçilərinin anonim qalmaq hüququ da var. Sosial şəbəkə yalnız ölkədə yaşayan, vətəndaş olan insanların ünsiyyət qurduğu yox, qlobal bir platformadır. Hakimiyyət kimin ölkə daxilindən yazıb-yazmadığını, hansı istifadəçinin Azərbaycan vətəndaş olub, hansının başqa ölkə vətəndaşı olmasını necə müəyyənləşdirəcək? Görəsən, hakim partiya rəsmiləri bir təklifi verəndə onun bütün hallarını düşündükdən sonra təklifi səsləndirmək bacarığına nə vaxt sahib olacaqlar?!”, – deyə o vurğulayıb.

 

Hacıyev üçüncü məqamı da qeyd edib: “Əgər sosial şəbəkələrdə anonim profillərdən istifadə edilərək hansısa cinayət əməli törədilərsə, bu zaman hüquq mühafizə orqanları digər yollarla həmin şəxsləri müəyyənləşdirməlidir. Asan yola müraciət edib, bütün profillər üçün şəxsiyyət vəsiqəsi tələb etmək kimi primitiv həll yoluna müraciət etməməlidir. Əgər bir ölkədə hüquq mühafizə orqanlarının analitik qrupları baş verənləri analiz edib, texniki imkanlar vasitəsi ilə cinayəti törədəni aşkarlaya bilmirsə, o zaman niyə mövcuddur?”.

 

NİDA-çı fəal İlkin Rüstəmzadə də belə düşünür ki, Milli Məclisdə səslənən fikirlər söz və ifadə azadlığının məhdudlaşdırılmasına xidmət edir: “Bu cür tələblər heç də təəccüblü deyil. Hökumət iradlarını sosial şəbəkələrdə bildirən insanları küçəyə çıxanlardan daha təhlükəsiz hesab etdiyi üçün sosial şəbəkələrin və medianın azadlığına müəyyən qədər icazə verir. Hökumətin qayğıları müəyyən qədər əsaslıdır, çünki sosial şəbəkələr üzərindən söyüş söyən qruplar heç kəsin xoşuna gəlmir. Ancaq bir məsəl var ki, yalançının evi yandı, heç kəs inanmadı. Azərbaycan hakimiyyəti, hətta ən mütərəqqi məqsəd üçün qanun qəbul edəndə belə, orada hər hansı bir mürtəce tərəf varsa, biz ondan şübhələnməyə bilmərik”.

Müəllif: Ülviyyə Şahin