Vəzir Həbibov nazirlikdən çıxıb taksiyə oturdu. Hava limanına yubandığı üçün sürücüdən sürətlə sürməyi xahiş etdi. Bir az əvvəl nazirin qəbulunda olanda ona təqaüdə çüxması üçün ərizə yazdırmışdılar. Həbibov on il idi teatrda direktordu. İndi vəzifədən getmək bir anda onun belini bükdü. Paytaxt artıq onu sıxırdı, havası çatmırdı. Doğulduğu doğma şəhərinə can atırdı.
Hava limanına çatan kimi özünü sərt skamyanın üstünə atdı. Elan verdilər ki, hava şəraiti ilə əlaqədar təyyarənin uçuşu gecikir. Salonun aşağı hissəsindəki köşkə yaxınlaşıb su aldı. Gözü yan tərəfdəki köşkdəki bir kitaba sataşdı. Müəllif tanış idi, amma bu əsərini oxumamışdı. Kitabın adı çox xoşuna gəldi.
Təyyarə buludların arasında ikən Vəzir Həbibov yol boyu kitabı yarı etdi. Bir saatlıq uçuşdan sonra hər daşını tanıdığı şəhərdə idi. Limandan çıxıb taksiyə oturdu. Sürücüyə “AZQİZ”in yanına gedəcəyini dedi. Sürücü oranı tanımayanda Vəzir məllim əsəbləşdi. Üzünü turşudaraq “32”inin yanına dedi. Xeyri olmadı. Vəzir müəllim yol boyu gedəcəyi yeri döngə-döngə göstərdi. Kitabdakı qəhramanın həyatını yaşamaq və əylənmək üçün “qızlarla” vaxt keçirmək istədi. Yaşadığı dərin depressiyanı ancaq belə yüngülləşdirə biləcəyini düşündü. Hər zaman dadına yetən Sonyaya zəng vurdu. Yüz ilin Sonyası təlaş içində “Rəisin tədbiri var sabah, təşkilati işlərə mən baxaıram. Heç vaxtım yoxdur” deyərək telefonu qapatdı. Keçmiş direktor ruhdan düşmədən digər “məşhuri-cahan”lardan Tövbəyə zəng vurdu. O da eyni cavab verincə Vəzir Həbibov suyu süzülə-süzülə evini yolunu tutdu. Səhər oyananda göyün üzü tutqun idi. Küləklə buludlar əl-ələ verib Araz çayının üstündən keçdilər, “Böyük Bağ"ın üstündə özlərinə yer axtarmağa başladılar. Bəlkə də ora enmək istəyirdilər. “Qadirin çayçısı”nda o qədər səs-küy var idi ki, ora enməyə cürət etmədilər. Nemes Erikanın oğlu Səməd sonuncu çaydanı pilitənin üstünə elə vurdu ki, “Sovremennıy Abbas”ın gitarası əlindən düşdü. Qara buludlar elə səksəndilər ki, oradan “Dadaş əmi”nin yeməkxanasına doğru üzdülər. Yuxarıda özlərinə yer edib aşağıda olub-bitənləri seyr etməyə başladılar.
Vəzir Həbibov buludlarla bərabər dünəndən yarıda qalmış kitabı bir az oxuyub yeməkxanaya bitişik bərbər Şıxəlinin dükanına girdi. Kitabın son bölümünü orada bitirib güzgünün qarşısındakı kresloya oturdu. Pəncərədən baxanda yeməkxanada oturan müxalifətçiləri görürdü.
Bu vaxt müxalifət partiyasının rəhbəri Cavad Hüseynovun eynəyinə göydən bir damcı su düşdü. Cavad Hüseynov cibindən dəsmalını çıxarıb eynəyi sildi. Masada əyləşən Nəbi Hatəmoğlu üzünü göyə tutub diqqətlə baxdı. Damcının hardan düşdüyünü tapmaq istədi. Buludlar isə oğrun-oğrun onlara baxırdı. Müxalifətçilər sabaha mitinq təyin etmişdilər. Polisin qorxusundan kimsənin gəlməyəcəyini bilirdilər. Ümid yalnız köhnə silahdaşlara qalmışdı. Ətrafda Məmmədalı və İntiqamın xüsusi polis dəstəsi var-gəl edirdi.
Bu zaman sarı rəngli taksi müxalifətin qərargahının qarşısında dayandı. Taksidən “Məşhuri- cahan”lar endi. Onların şəhərdən sürgün olunmağına hələ illər vardı. Sonya və Tövbə iri addımlarla müxalifətçilərin qərargahına girdilər. Otaqların qapısını hirslə açaraq səslərini başlarına atdılar. Hay-küyləri küçədən də eşidilirdi. Çayxanada oturan müxalifətçilər bu mənzərəyə məəttəl qalmışdılar. Nəbi Hatəmoğlu ayağa qalxmaq istəyəndə Cavad Hüseynov onun qolundan tutub sakit olmağı xahiş etdi. Cavad bəy ayağa qalxıb qərargaha doğru yönəldi.
Gördüyü mənzərə dəhşətli idi. Qərargahın bütün otaqlarını darmadağın etmiş qadınların ikisi də Cavad bəyi görən kimi bir ağızdan «Partiya sədri hardadır? Biz “Analar cəmiyyəti”ndən gəlmişik. İmkan vermərik ki, müxalifətçilər mitinq etsinlər" deyə bağırırdılar. Bayırda isə tamamilə başqa mənzərə vardı. Nəsib İlqarov fikir verdi ki, Məmmədalı ilə İntiqam yaxınlıqda dayanıb nəsə xəbər gözləyirlər. Güman ki, içəridə təxribat törətmək üçün zəng gəlməli idi.
Dəllək Şıxəli bərbərxanada əlində ülgüc Vəzir Həbibovun üzünü qırxsa da bir gözü partiyanın qapısında qalmışdı. O, qadınlara işarə edib dodaqucu pıçıldadı: "Bunlar da siyasətlə məşğul olmağa başlayıblar".
Birdən göy guruldadı, yağış başladı. İçəridən xəbər gözləyən polislər islandılar. İçəridə Cavad bəy qadınları otağına dəvət edib onları sakitləşdirməyə çalışırdı. Partiya sədri qadınlarla şirin söhbətə başlamış, Tomrisdən, Mömünəxatundan danışırdı. Həcərdən bəhs edəndə Tövbəni ağlamaq tutdu. Müxalifət lideri 20 Yanvar hadisələrində anaların mübarizəsindən danışanda Sonya təəccüblə həmin hadisələrin nə vaxt baş verdiyini soruşdu. Bu vaxt Tövbə dirsəyi ilə onu vurub astadan «gicləmə, yadında deyil, ruslar bizimkiləri qırmışdılar» dedi. Sonya bu qırğından xəbəri olmadığına görə pərt oldu. Cavad bəy o qədər şirin söhbət edirdi ki, qadınlarda əvvəlki hirsdən əsər-əlamət qalmamışdı, ona çay süzüb meyvə doğrayırdılar.
Məmmədalı bayırda əsəbindən partlayırdı. Plana görə “Mama Rozalar” içəridə Cavad bəyə hücüm çəkməli və səs-küy başlayanda polislər içəri girib bəyi tutmalı idilər. Amma qərargahda vəziyyət başqa məcrada cərəyan edirdi. Qadınlar Cavad bəyə tez-tez suallar verir, aldıqları cavablardan duyğulanırdılar. Yağışın altında gözləməkdən bezən Məmmadalı öz dəstəsi ilə qərargaha daxil oldu. Cavad bəyin otağının yarıaralı qapısından görünən mənzərə Məmmadalını cin atına mindirdi. Tez ratsiya ilə rəisə xəbər verdi ki, qadınlar Cavad bəyə qulluq edir və mehriban-mehriban söhbətləşirlər. Bunu eşidən rəis xəttin o başından «o q…lərlə söhbətimiz sonraya qalsın, amma Cavad bəyi dərhal həbs edin!» deyə bağırdı.
Məmmadalı rəisin tapşırığından ürəklənib otağa daxil oldu, əsəbi şəkildə Cavad bəyə dedi: "Siz həbs olunursunuz, bizimlə gəlməlisiniz". Bu an qadınların hər ikisi ayağa qalxıb hay-küy saldılar. Sonya əlini geri aparıb var gücüylə Məmmədalıya bir şillə vuraraq “Ay qurumsaq, adam da belə oğulu tutarmı?” deyə bağırdı.
Qərargahın qapısı açıldı. Cavad Hüseynovu, Nəbi Hatəmoğlu və Nəsib İlqarovu polis maşınına oturdub apardılar. Şıxəli Vəzir müəllimin üstünü təmizləyib üzünü ətirlədi. Keçmiş teatr direktoru ağır addımlarla uzaqlaşdı. Şıxəli içəri keçəndə güzgünün qarşısındakı kitabı görüb Vəzir müəllimi səslədi. Həbibov onu eşitmədi. Şıxəli kitabın üz qabığını oxudu - Gabriel Garcia Markesin “Mənim hüznlü fahişələrim” əsəri idi.
Müəllif: Tahir Tahiroviç