Husilər üç İsrail gəmisini vurub

Dünya

09.05.2024 - 14:21

“Hücum bir neçə ballistik raket və pilotsuz təyyarələrin köməyi ilə həyata keçirilib və zərbə dəqiq olub”

Yəmənin şimalını idarə edən “Ənsar Allah” hərəkatının husi qüvvələri Hind okeanı və Ədən körfəzində üç İsrail gəmisinə hücum edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Yəmən Silahlı Qüvvələri Ədən körfəzində iki İsrail gəmisini – “MSC DEGO” və “MSC GINA”nı vurub. Dəniz qüvvələri, pilotsuz hava qüvvələri və raket qüvvələrinin iştirakı ilə əməliyyat keçirilib. Hücum bir neçə ballistik raket və pilotsuz təyyarələrin köməyi ilə həyata keçirilib və zərbə dəqiq olub”, - hərəkatın nümayəndəsi Yəhya Saria “Əl-Masirah” telekanalında verdiyi açıqlamada qeyd edib.

Onun sözlərinə görə, Yəmənin raket qüvvələri də İsrailin “MSC Vittoria” gəmisinə iki zərbə endirib. İlk hücum Hind okeanında, ikinci hücum isə Ərəbistan dənizində həyata keçirilib.

Saria qeyd edib ki, Yəmən Silahlı Qüvvələri Qəzza zolağında baş verənləri izləyir və “Fələstin xalqının zalımlarını məğlub etmək üçün hərbi əməliyyatlarının səviyyəsini artırmaqdan çəkinmir”.

Mayın əvvəlində artıq Qırmızı dənizdə husilərdən qorunmaq üçün kifayət qədər gəmi olmadığı bildirilmişdi. Aİ-nin Aspides dəniz əməliyyatının komandiri Vasilios Griparisin sözlərinə görə, onun tapşırıqlarını effektiv şəkildə yerinə yetirmək üçün kifayət qədər gəmi yoxdur.

Müəllif: Ayna.az