Humanist olmağa görə cəza – Günahkar tapıldı!

Cəmiyyət

17.07.2022 - 21:35

Sahibsiz pişikləri yedizdirən yaşlı qadın cəzalandırıldı

Azərbaycanda evsiz-eşiksiz pişik və itlər çoxdur - əksəriyyəti küçədə doğulub, bəziləri isə sahibləri tərəfindən müxtəlif səbəblərdən atılıb. Onlara müxtəlif cür yanaşırlar – yazığı gələn də olur, qorxu ilə yanaşan da, qayğı göstərən də. Sonuncular dördayaqlı evsizləri ən azı onların həyatını asanlaşdırmaq üçün tez-tez qidalandırırlar. Şəhərlərdə tez-tez mərhəmətli sakinlərin qoyub getdiyi quru yeməkləri görə bilərsiniz, həyətlərdə digərləri heyvanlara öz yedikləri yeməklərin qalıqlarını da verirlər.

Ancaq heç də hamı bunu bəyənmir. Belə ki, Sumqayıtda qonşuların şikayəti nəticəsində 75 yaşlı qadın yüzlərlə pişiyi bəslədiyi üçün cərimələnib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimi, sanitar-gigiyena və karantin rejimlərini pozma) maddəsi ilə protokol tərtib edilib, həmin şəxslər isə 200 manatdan 400 manatadək miqdarda cərimə edilirlər.

Polis qadını dəfələrlə dindirib, izah edib ki, o, yaşayış binasının qarşısında aparılan dezinfeksiya işlərinə müdaxilə edir, heyvanlara yem verərkən antisanitar şərait yaradır. Yeri gəlmişkən, qadının qonşularının onu təhqir etmələri ilə bağlı verdiyi şikayət heç icraata da qəbul edilməyib.

Bəli, bəziləri heyvanları bəsləyərkən, özlərindən sonra qalan, məsələn, konservləşdirilmiş qida paketlərini küçədən təmizləmirlər. Elə olur ki, yemək köhnəlir və iy verir, lakin əksər hallarda ac itlər və pişiklər hər şeyi dibinə qədər təmizləyir. Kimsə bundan qəzəblənir, amma eyni zamanda milçəkləri özünə cəlb edən üfunət iyindən, bir çox sakinlərin pilləkən qəfəslərinə qoyub getdiyi zibil torbalarından, üfunət qoxusundan açılması qorxulu olan, daşan zibil qutuları, zibilləri düz səkiyə atan adamlar nədənsə heç kimin qəzəbinə səbə olmur. Buna görə heç kim cərimələnmir, bundan şikayət edən yoxdur.

Və sonra antisanitar şəraitin əsas günahkarını – evsiz heyvanlara biganə olmayan yaşlı qadını tapdılar. Məsul strukturlar evsiz heyvanların qidalanması üçün yerlər yarada bilmir ki, insanlar heç yerə yemək atmasınlar. Daha doğrusu, yaratmaq istəmirlər. Sahibsiz heyvanların probleminin dövlət tərəfindən humanist həlli yoxdur. Ancaq ac heyvanlara qarşı laqeyd olmamağa görə cəza – buyurun!

Sahibsiz heyvanlara könüllü qulluq edən Leyla Şirinovanın AYNA-ya dediyinə görə, sanitariya şərtlərini qəsdən pozmaqla evsiz heyvanlara dəstək vermək arasında fərq var: “Təəssüf ki, ölkəmizdə heç bir struktur tərəfindən bu dəstək təmin edilmir. Bu zaman, nədənsə, cəzalandırılan qadının hərəkətini müşayiət edən motiv, xoş məqsədlər nəzərə alınmayıb. Ümid edirəm ki, işə yenidən baxılacaq, o, yalnız bacardığı qədər küçə heyvanlarının həyatını asanlaşdırmağa çalışırdı”.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov isə AYNA-ya şərhində deyib ki, sahibsiz heyvanların bəslənməsinə görə cərimə nəzərdə tutulmur və bu, heç bir qanunvericilik aktı ilə qadağan olunmur. Bakıda küçələrdə evsiz pişiklər üçün çoxlu evlər və yemliklər görmək olar, evsiz heyvanlar üçün sığınacaq və klinikalar, o cümlədən Prezidentin qızı, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın irəli sürdüyü digər ideyalar var.

“Sumqayıtlı qoca qadına gəldikdə isə, onun məsələsində söhbət İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin, sanitar-gigiyenik rejimin pozulmasından gedir ki, bu maddəyə görə də bu hüquqpozmanı törədən şəxsin əhalinin həyatı və sağlamlığı üçün qəsdən təhlükə törətdiyi əməllərin nəticələri olduqda məsuliyyətə cəlb edilməsi zəruridir. Bu təhlükəni isə polis yox, sanitar-epidemioloji xidmət qiymətləndirməlidir, əks halda subyektivlik mümkündür. Əgər belə bir qiymətləndirmə aparılmayıbsa, mən bu qadının yerində olsaydım, ona verilən cəzadan apellyasiya şikayəti verərdim”, - deyə hüquq müdafiəçisi bildirib.

Pişikləri qidalandırmağın hipotetik təhlükəsi nədir? Həmsöhbətimiz belə izah edib: “Sahibsiz pişiklər xəstə ola bilər, infeksiya yaya bilər. Amma axı bu, 75 yaşlı qocanın yox, müvafiq dövlət xidmətinin qayğısı olmalıdır. Sivil ölkələrdə sahibsiz heyvanlara peyvənd vurulur, sterilizasiya edilir və mikroçip yerləşdirilir. Bu halda heyvanlar xəstələnməyəcək və onların sayı heç vaxt çox olmayacaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, şəhərimizdəki pişiklər gəmiriciləri və digər xırda heyvanları məhv edir - hansılar ki,  insanlar üçün pişiklərdən daha böyük təhlükədir”.

“Bundan əlavə, pişiklərin özləri və nəcisləri insanları narahat edən dəhşətli bir qoxu çıxara bilər. Ancaq hər bir sahibsiz pişiyi izləyə bilməzsiniz və əgər küçədə və ya həyətdə qoxulu bir şey varsa, bu, artıq sakinlərin deyil, kommunal xidmətlərin məsələsidir. Yoxsa nəyə görə maaş alırlar?! Bu baxımdan evsiz və ev heyvanlarının saxlanması arasında ciddi fərq var. Sonuncu halda insanlar heyvanları öz ərazilərində saxlayır, onların müalicəsinə, onlardan sonra təmizlənməsinə, ümumilikdə insanların sağlamlığının və epidemioloji sabitliyin qorunmasına görə məsuliyyət daşıyırlar. Bu, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanılması Qaydaları” ilə tənzimlənir. Çətin ki, “pişiksevərlərin” əksəriyyəti gizli olmayan, ancaq internetdə mövcud olan bu sənədlə tanış olsunlar”, - deyə Zeynalov vurğulayıb.

AİHM rəhbəri söyləyib ki, bu sənədə görə, bir ailədə 1 it və 2 pişikdən çox saxlamaq olmaz: “Heyvanların peyvənd edilməsi, diaqnostik müayinəsi, baytarlıq-sanitariya tədbirlərinin aparılması məqsədilə uçota alınması məsələləri Qida Təhlükəsizliyi Agentliyinin rayon şöbələrinə həvalə edilib. Qaydaların icrasına nəzarətə daxili işlər, sanitar və baytarlıq nəzarəti orqanları da cəlb olunub. Heyvanın qeydiyyatı onu gəzdirmək, nəqliyyatda daşımaq, otel otağında və ya kurortda saxlamaq hüququ verir. Amma heyvan başqa yaşayış yerinə köçəndə sahiblərindən 5 gün ərzində bu barədə yaşayış yeri üzrə baytarlıq xidmətinə məlumat vermələri tələb olunur. Eyni zamanda, ev heyvanlarının sahibləri qarşısında bir çox vəzifələr qoyulur: onun üçün yer ayırmaqdan, qidalandırmaqdan, ona baxmaqdan və təmizləməkdən tutmuş illik tibbi müayinədən keçməyə, quduzluğa qarşı müalicəvi və profilaktik tədbirlərin həyata keçirilməsinə (dişləmə zamanı) qədər. Qurbanların müalicəsi ev sahibləri tərəfindən ödənilir”.

“Lazımsız heyvanlar “sahibsiz heyvanların saxlanması ilə məşğul olan müəssisə”yə təhvil verilir, əgər heyvan xəstələnirsə, onlar Agentlik nəzdində karantinə yerləşdirilir. Ölən heyvanların cəsədləri isə utilizasiya və basdırılmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə göndərilir. Başqalarını bilmirəm, amma mən bu strukturların ünvanlarına heç vaxt rast gəlməmişəm və istənməyən kirpi və ya iguananı hara təhvil verəcəyimi və ya ölü pişiyi basdırmaq üçün hara aparacağımı bilmirəm. Fərmanda heyvanları kobud rəftardan qoruyan və bunun üçün cəza nəzərdə tutan bir çox bəndlər var. Ancaq praktikada, hadisə sosial şəbəkələr tərəfindən səs-küy yaratmasa, kiminsə heyvanlara qarşı amansızlığına görə hər hansı bir şəkildə cəzalandırıldığı vəziyyətə tez-tez rast gəlmirsiniz. Ümumiyyətlə, bu sənədin bir çox bəndləri suallar və şübhə doğurur ki, kimsə nəzarət funksiyalarını öz üzərinə götürərək özünə rahat “qidalandırıcı” yaradıb. Ev heyvanlarına məcburi qayğı ilə bağlı hər şey ailə büdcəsi üçün çox həssas məbləğlərə başa gəlir. Bəlkə elə buna görə də sahibsiz heyvanlar arasında sahiblərinin tərk etdiyi heyvanlar çoxdur”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Məhəmməd peyğəmbərin özünün dəyər verdiyi heyvanları - pişikləri bəsləyən müdafiəsiz qocalarla belə davranmaq olmaz. Söhbət, bəlkə də, dəfn üçün yığdıqları pullar istisna olmaqla, üç rəqəmli cərimələri ödəmək üçün imkanları olmayan yaşlı, laqeyd olmayan insanlardan gedir.

Müəllif: Elya Belskaya