Maharaştra ştatının Baş nazirinin müavini Ajit Pavar təyyarə qəzasında həlak olub
Hindistanın Maharaştra ştatının Baş nazirinin müavini və Milliyyətçi Konqres Partiyasının lideri Ajit Pavar Hindistanda baş verən təyyarə qəzasında həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb. Bildirilib ki, qəzada daha dörd nəfər həlak olub.
İdarənin məlumatına görə, Pavardan əlavə, “Learjet 45” təyyarəsinin göyərtəsində təhlükəsizlik işçisi, stüardessa və iki pilot olub.
Qəzet təyyarənin Baramati hava limanına eniş edərkən qəzaya uğradığını bildirir.
Hindistanın Baş naziri Narendra Modi yazıb: "Maharaştra ştatının Baramati şəhərində baş verən faciəli təyyarə qəzasından kədərləndim. Düşüncələrim bu fəlakətdə yaxınlarını itirən hər kəslədir. Dərin kədərlə qurbanların ailələrinə güc və cəsarət diləyirəm".