“Faydasız” məsrəf

Mədəniyyət

12.03.2023 - 13:41

Kültəpə kəndinin qəribə əhvalatları

Əgər fikir vermisinizsə, bizə adətən var olanlarla deyil, olmayanlarla  daha çox maraqlanırıq. Məsələn, “Zərərsiz qidalar” başlığı ilə olan yazı “Zərərli qidalar”ın yanında bizim üçün daha sönük görünə bilər. Buna görə də elə bu əhvalatımızı da Kültəpə kəndinin məşhur sakinin ifadəsinə uyğun adlandırmağı məqbul saydıq.

Bir gün Cəlil bəyin yaxın qohumunun nəvəsi İsgəndər Kültəpə kəndinin bazar meydanında ucadan və böyük sevinclə qışqırır:

— Ay cammat, gözümüz aydın! Kəndimizə şəhərdən teatr truppası, gəlir ey!

Bunu eşidən Qurbanqulu ayaq saxlayıb uşaqdan soruşur:

— A bala, de görüm, məsrəfi nə qədərdir ?

İsgəndər sevincək şəkildə cavab verir:

— Qurbanqulu əmi, heç baha deyile.  Beşcə manatınız varsa, bəsdir.

— Nə?! İlin-günün bu vədəsində  beş manatımdan keçib truppa adlı qəribə adamlara baxacam?! Vay! Vay!

Bazar meydanından ayrılan Qurbanqulu evə qayıdır. Bu əhvalatı həyat yoldaşından eşidən Bibixanımı maraq götürür:

— Ay kişi, bəlkə yaxşı bir şeydir. Apar məni də gedək.

Qurbanqulu əvvəlcə narazılıq etsə də, sonradan razılaşır.

— Düz deyirsən, ay arvad. Əslində heç xeyirli bir şeyə bənzətmirəm. Yenə də baxaq gərək, nə olan  şeydir bu truppa.

Qərəz, Qurbanqulu Bibixanımı da götürüb yollanır tamaşaya. Qonşuları Cəlil bəylə Hənifə xanım da orda olurlar.  Hənifə xanım qonşularını tamaşada görəndə təəccübünü gizlədə bilmir:

— Cəlil, görürsən, qonşularımız da teatra gəliblər. Nə yaxşı təsadüf oldu bu belə. Çox sevindim onların adına!

Cəlil bəy xəfif təbəssümlə:

— Əzizim, sənin məyus olmağını heç istəməzdim. Ancaq nə yalan deyim, qonşularımızın teatra sevərək gəldiyinə şübhə ilə yanaşıram.

Nəhayət, teatr truppası səhnəyə  çıxır. Tamaşa iki saat davam edir. Sonda Cəlil bəylə Hənifə xanım truppa üzvlərinə gül dəstəsi təqdim  edirlər. Bu dəmdə Qurbanqulu qonşusuna yaxınlaşıb deyir:

— Görürsən, bəy, iki saatlıq boş cəfəngə görə iki beşliyim cibimdən uçdu. Çox faydasız məsrəf oldu.

Bibxanım da onun cavabını təsdiqləyir:

— Hə vallah, ay kişi. Günah məndə oldu.  Bu faydasız məsrəfə görə məni nə qədər danlasan, haqqın var.

Qonşuların bu söhbətindən sonra Hənifə xanım üzünü Cəlil bəyə tutur:

Hə, bu dəfə haqlı çıxdız, Cəlil bəy.  Ümid edirəm ki, bir gün onlar teatr üçün deyil, əsl mənasız işlər üçün çəkdikləri xərcdən xəbərdar olarlar. Gələcəkdə mədəniyyətin tərəqqisinə xərclənən zaman və madiyyat qonşularımızın gözündəki kimi “faydasız məsrəf”ə çevrilməz.

Cəlil bəy təbəssüm edərək, xanımının əlindən tutub onun bu ümidinə şərik olduğunu həmişəki kimi çox incə bir şəkildə ifadə edir.

Günel Natiqqızı

Müəllif: Ayna.az